Azərbaycan,Bakı/müxbir Trend A.İsmayılova/Təhlükəsizlik məsələləri üzrə Azərbaycan-Amerika məsləhətləşmələrinin növbəti mərhələsi 9-10 iyul tarixində Vaşinqtonda baş tutacaq. Bu barədə çərşənbə günü ABŞ-ın Azərbaycandakı səfirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Conatan Henik məlumat verib.
O qeyd edib ki, danışıqların formatı əvvəlki kimi qalıb. Görüşdə Azərbaycanı Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov və Azərbaycanın müvafiq nazirliklərinin yüksək vəzifəli nümayəndələri təmsil edəcək.
Təhlükəsizlik üzrə Azərbaycan-Amerika məsləhətləşmələri 23-25 aprel tarixində Vaşinqtonda baş tutmalı idi, lakin rəsmi Bakı tərəfindən təxirə salınmışdı. Buna səbəb ABŞ Dövlət Departamentinin martın 6-da Ermənistanda insan haqları sahəsində vəziyyətə dair nəşr olunmuş hesabatına dəyişiklik etməsi olub. Hesabatın ilkin variantında Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ və onun ətrafında 7 rayonu işğal etməsi faktı əks olunmuşdu. Aprelin 20-də isə Ermənistanın Azərbaycan ərazisini işğal etməsi faktını göstərən formul dəyişdirilmişdi.
ABŞ-ın rəsmi nümayəndələri dəyişikliklərin edilməsinin vacibliyini əvvəlki mövqelərinin səhv olması ilə əsaslandırmışdı. Bununla bağlı rəsmi Bakı Əzimovun başçılığı altında hökumət nümayəndə heyətinin təhlükəsizlik üzrə məsləhətləşmələrin keçiriləcəyi Vaşinqtona səfərini təxirə salmışdı.