...

Partiyalardan biri müxalifətin vahid Memorandumuna qoşulmadı

Siyasət Materials 25 May 2007 19:37 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) cümə günü müxalifətçi siyasi partiyalar arasında imzalanan Memoranduma qoşulmadı. Bu barədə partiyanın mətbuat məsələləri üzrə sədr müavini Əli Orucov məlumat verib.

Qeyd edək ki, siyasi partiyaların, QHT nümayəndələri və ictimai xadimlərin iştirakı ilə cümə günü keçirilən Milli Forumun sonunda anlaşma Memorandumu qəbul edildi. Sənəddə demokratiyanın inkişafı, demokratik seçki mühitinin yaradılması, azad seçkilər keçirilməsi, insan haqlarının, medianın, söz azadlığının qorunması, həmçinin Qarabağla bağlı məsələlərlə əlaqədar partiyaların, ictimai qüvvələrin, bəzi KİV-lərin vahid mövqedən çıxış etməsini, razılaşdırılmış siyasət yürüdülməsi nəzərdə tutulur.

AMİP nümayəndələri Milli Forumda iştirak etsələr də, Memoranduma qoşulmadılar. Əli Orucovun sözlərinə görə, bu, həmin sənədin bu partiyaya gec təqdim olunması ilə bağlıdır: "Bir çox partiyalara bu sənəd tədbirdən əvvəl təqdim olunmuşdu və onların bunu müzakirə etmək imknları olub. AMİP-ə isə sənəd həmin forum zamanı təqdim edilib. AMİP kollegial qurumdur və bütün qərarlar Siyasi Şurada müzakirə edilməlidir. Partiyanın rəhbər strukturlarında müzakirə edilmədən, partiya üzvlərinin mövqeyini öyrənmədən AMİP belə razılaşmalara qoşula bilməz" - deyə Orucov bildirib.

O, AMİP-in sonradan bu razılaşmalara qoşulacağının mümkün olduğunu da deyib.

Müxalifəti təmsil edən AMİP 1992-ci ildə yaradılıb. AMİP-in qurucusu və 2004-cü ilin sonunadək sədri olan Etibar Məmmədov hazırda Beynəlxalq Demokrat İttifaqının (BDİ) sədr müavinidir.

Xəbər lenti

Xəbər lenti