...

Səfir: "ABŞ Azərbaycana korrupsiyaya qarşı mübarizədə hərtərəfli kömək göstərməyə hazırdır"

Siyasət Materials 31 May 2007 12:21 (UTC +04:00)
Səfir: "ABŞ Azərbaycana korrupsiyaya qarşı mübarizədə hərtərəfli kömək göstərməyə hazırdır"

Azərbaycan, Bakı /müx. Trend S.Ağayeva / Birləşmiş Ştatlar Azərbaycan hökumətinin korrupsiyaya qarşı mübarizə istiqamətində atdığı addımları dəstəkləyir və daha yaxşı nəticələrin əldə olunması üçün hərtərəfli kömək göstərməyə hazırdır. Bu sözləri cümə axşamı Bakıda ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi Avropa və Orta Asiya ölkələri üzrə "Transparency International" təşkilatının regional görüşündə çıxış edərkən deyib.

Onun sözlərinə görə, bu cür vacib görüşün Bakıda keçirilməsi onu göstərir ki, Azərbaycan hakimiyyəti bu sahədə hələ kifayət qədər işlərin görülməsinin zəruriliyini anlayır.

Diplomat qeyd edib ki, "Transparency International" təşkilatının hesabatına əsasən, 2006-cı ildə Azərbaycan korrupsiyanın səviyyəsinə görə 163 ölkə arasında 130-cu yeri tutub. Dünya Bankının biznes-hesabatına görə isə Azərbaycan 175 ölkə arasında 99-cu yerdədir. Dersi bildirib ki, bütün bunlar aydın şəkildə göstərir ki, Azərbaycan müvafiq istiqamətdə təcili və ciddi tədbirlər görməlidir.

Səfir həmçinin konkret addımlara diqqət yetirib. Onun sözlərinə görə, "çirkli pullar"ın yuyulmasına qarşı mübarizəyə dair qanunu qəbul etmək və onun həyata keçirilməsi üçün institutlar yaratmaq lazımdır. Bundan əlavə, dövlət məmurlarının gəlirlərinə dair bəyannamənin ictimailəşdirilməsi gərəkdir. Dersi qeyd edib ki, hökumət dövlət vəsaitlərinin idarə edilməsinin konkretliyini və şəffaflığı təmin etməlidir.

Xəbər lenti

Xəbər lenti