...

Prezident: "Azərbaycan neft-qaz sənayesindəki bütün problemlərini həll edib"

Siyasət Materials 5 İyun 2007 12:42 (UTC +04:00)
Prezident: "Azərbaycan neft-qaz sənayesindəki bütün problemlərini həll edib"

Azərbaycan, Bakı /müx. Trend A.İsmayılova / Azərbaycan neft-qaz sənayesindəki bütün problemlərini həll edib. Bunu çərşənbə axşamı "Neft, qaz, neft emalı və neft kimyası-2007" 14-cü konfrans-sərginin açılışında prezident İlham Əliyev deyib.

O qeyd edib ki, Azərbaycanın neft-qaz sektoruna xarici investorlar tərəfindən kifayət qədər böyük həcmdə investisiyalar yatırılıb və bu, ölkədə münbit şəraitdən xəbər verir.

Prezident həmçinin bildirib ki, ötən müddətdə xarici şirkətlərlə Azərbaycan hökuməti arasında anlaşılmazlıqlar müşahidə edilməyib, ciddi problemlər və məhkəmə çəkişməlri yer almayıb.

Dövlət başçısı keçən il neft-qaz sənayesində yer almış iki ən vacib hadisəni önə çəkib. Bunlardan biri gələn il tam gücü ilə işləyəcək Bakı-Tbilisi-Ceyhan boru kəmərinin istifadəyə verilməsi, digəri isə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin tikintisi və "Şahdəniz" yatağından qaz hasilatıdır.

Əliyev qeyd edib ki, gələn il Azərbaycanda qaz hasilatı iki dəfə artırılacaq və bununla da 8 mlrd. kubmetr təşkil edəcək. Bununla da Azərbaycan daxili tələbatını ödəyəcək, habelə qazı dünya bazarlarına ixrac edə biləcək.

Prezident qeyd edib ki, qaz ehtiyatları 1 trln. 500 mlrd. kubmetr həcmində dəyərləndirilir və ümid etdiyini bildirib ki, gələcəkdə ölkədə yeni qaz yataqları kəşf ediləcək.

Dövlət başçısı diqqətə çatdırıb ki, Azərbaycanın valyuta ehtiyatları 5 mlrd. dollar təşkil edir və Dünya Bankının hesablamalarına əsasən, yaxın 20 ildə müvafiq rəqəm 150-200 mlrd. dollara çatacaq. Əliyev "Abşeron" yatağına marağın olduğunu qeyd edib, baxmayaraq ki, əvvəllər beynəlxalq şirkətlər burada işlər aparmaq istəmirdilər.

Sərginin açılışında həmçinin Böyük Britaniyanın baş naziri Toni Bleyer, habelə ABŞ, Gürcüstan, Türkiyə, İsrail, Almaniya və Norveç hökumətləri nümayəndələrinin tədbir iştirakçılarına təbrik məktubları oxunub.

Xəbər lenti

Xəbər lenti