Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Rusiyanın Qəbələ Radiolokasiya Stansiyasından (RLS) ABŞ-la birgə istifadəsinə dair müvafiq razılıq əldə olunarsa, bu, Azərbaycanın strateji önəmini təsdiqləyən amilə çevrilə bilər. Bu barədə Demokratik İslahatlar Partiyasının (DİP) sədri, millət vəkili Asim Mollazadə açıqlama verib.
Rusiya prezidenti Vladimir Putin "Böyük səkkizlər"in zirvə toplantısında Azərbaycanda icarəyə götürdüyü Qəbələ RLS-in ABŞ-la birgə istifadə edilməsi barədə təkliflə çıxış edib.
Mollazadə qeyd edib ki, "Böyük səkkizlər"in zirvə toplantısı kimi önəmli görüşdə Azərbaycanla bağlı məsələnin müzakirə olunması və Avropanın enerji təhlükəsizliyi sistemində Azərbaycanın rolunun qabardılması müsbət hadisədir. Millət vəkili hesab edir ki, ABŞ-la Rusiyanın təhlükəsizilk sahəsində Azərbaycanla birgə əməkdaşlığı ölkəmiz üçün önəmlidir: "Enerji sahəsində ABŞ Azərbaycanın tərəfdaşıdır, Rusiya isə qonşusudur. Bu sahədə ehtimal olunan əməkdaşlıq Azərbaycanın mənafeyinə uyğundur və ölkənin müsbət inkişafına dəstək ola bilər. Biz istəyirik ki, bölgəmiz maraqların toqquşduğu, ziddiyyətlərin yarandığı bölgə olmasın. Əksinə, Cənubi Qafqaz əməkdaşlıq bölgəsinə çevrilsin. Ona görə də Qəbələ RLS bu əməkdaşlığın müəyyən bir sahəsini təşkil edə bilər"-deyə Mollazadə qeyd edib.
Deputat hesab edir ki, Cənubi Qafqaz bölgəsində Avropanın, ABŞ-ın, Rusiyanın öz maraqları var və hamısının Azərbaycanla tərəfdaş olmağa çalışması bizim dövlət maraqlarımıza uyğundur.