...

Səfir: "Kiyevdəki siyasi böhran Ukrayna və Azərbaycan arasındakı əlaqələrə mənfi təsir göstərmir"

Siyasət Materials 8 İyun 2007 20:28 (UTC +04:00)
Səfir: "Kiyevdəki siyasi böhran Ukrayna və Azərbaycan arasındakı əlaqələrə mənfi təsir göstərmir"

Ukrayna, Kiyev/ Trend müxbir D.Bobesyuk/ Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Tələt Əliyevlə Trend in müsahibəsi

- Siz Azərbaycan və Ukrayna arasındakı ikitərəfli siyasi münasibətlərin bugünkü səviyyəsini necə qiymətləndirirsiniz?

- Biz çoxdandır ki, strateji tərəfdaşıq, bütün beynəlxalq, regional təşkilatlarda həmişə bir-birimizin maraqlarından çıxış edirik. Bu, birmənalı olaraq Avropa Şurasının Parlament Assambleyasında, Avropa İttifaqı parlamentində, ATƏT və NATO-da sübüt olunub.

Bizim siyasi münasibətlərdəki əməkdaşlığımızın necə sıx olması və bir-birimizi dəstəkləməyimiz haqqında xeyli sayda misal gətirmək olar. Məsələn, yaxın keçmişdə Ukrayna BMT-də Qolodomorun soyqırım kimi tanınması barədə məsələ qaldıranda Azərbaycan bunu dəstəkləyən birinci ölkələrdən oldu və qətnaməni imzaladı. Amma Ermənistan bunu etmədi. Üç il bundan əvvəl AŞ PA-da Azərbaycan nümayəndə heyətinin fəaliyyətinin dayandırılması haqda məsələ qoyulduqda Ukrayna bizim lehimizə səs verərək buna imkan vermədi. İki il bundan əvvəl AŞ PA-da Ukraynanın fəaliyyətini dayandırmaq istəyirdilər, Azərbaycan da Ukraynaya səs verərək bu niyyətin həyata keçirilməsinə imkan vermədi. Bu cür misalları çox sadalamaq olar.

Nəhayət, əminliklə söyləmək olar ki, 2006-cı il Ukrayna-Azərbaycan münasibətlərində əsl dönüş oldu. Birincisi, ötən ilin may ayında Kiyevdə GUAM ölkələrinin dövlət başçılarının sammiti oldu. Sammit çərçivəsində əvvəlcə Ukrayna və Azərbaycan prezidentlərinin təkbətək görüşü keçdi, sonra isə genişləndirilmiş tərkibdə iclas oldu. Bu görüşlərdə növbəti dəfə təsdiq olundu ki, biz bütün əlaqələrimizdə gələcək üçün böyük perspektivlərə malikik və bunu dinamik olaraq inkişaf etdirirk.

Bundan əlavə, ötən ilin sentyabrında Ukrayna prezidentinin Azərbaycana rəsmi səfəri baş tutdu. Bu səfər çərçivəsində 9 sənəd imzalandı. Mən bu sənədlərdən birini xüsusi qeyd etmək istəyirəm. Birgə Bəyannamə - burda ilk dəfə olaraq Ukrayna-Azərbaycan əlaqələrində iki ölkə prezidentinin Şurasının yaradılması nəzərdə tutulub. Bu, çox mühim məqamdır. Hazırda iki prezidentin Şurası haqqında layihə hazırlanıb, həm Ukrayna, həm də Azərbaycan tərfinin baxılmasına verilib. Mən hesab edirəm ki, həmin Şura tezliklə fəaliyyətə başlayacaq. Burda nəzərdə tutulub ki, il ərzində Şuranın toplantıları bir dəfə Bakıda, bir dəfə isə Kiyevdə keçirilsin. Şurada ölkələrimiz arasındakı əlaqələrdə aktual olan kompleks məsələlərin baxılması nəzərdə tutulub.

Siyasi əlaqələrin bu cür dinamikliyi gələcəyə tam əminlik verir, üstəgəl ölkələrimiz arasında qarşılıqlı iqtisadi, mədəni, humanitar, elmi əlaqələrin gələcək inkişafı üçün lazımı şərait yaradır.

Həmçinin hər iki ölkənin parlamentində, həm Ali Rada, həm də Milli Məclisdə müvafiq olaraq Ukrayna-Azərbaycan və Azərbaycan-Ukrayna parlament əməkdaşlıq qrupları yaradılıb. Bu qruplar artıq bir dəfə Bakıda və bir dəfə Kiyevdə toplantı keçiriblər və parlamentlər çərçivəsində qarşıda duran fəaliyyətlərini müəyyənləşdiriblər.

- Siyasi əlaqələrin stabilliyi iqtisadi əməkdaşlığa təsir edirmi?

- 2006-cı ildə olan mühim hadisələr sırasında ötən ilin sonunda Ukrayna baş nazirinin Azərbaycana işgüzar səfərini qeyd etmək lazımdır. Bu, bizim ticari-iqtisadi əlaqələrimizə yaxşı bir təkan verdi. Bundan əlavə, hökumətlərarası ticari-iqtisadi komissiyanın 7-ci toplantısında ölkələrimiz arasında müxtəlif iqtisadi sahələrdə əməkdaşlıq istiqamətləri hazırlanıb. Xüsusilə Ukrayna və Azərbaycanda investisiyalar üçün əlverişli şəraitin yaradılması barədə. Həmçinin birgə müəssisələrin yaradılması, Azərbaycanda kimyəvi gübrə istehsal edən zavodun tikilməsi, ölkələrimiz arasında kənd təsərrüfatı məhsullarının tədarük həcminin artırılması, enerji təhlükəsizliyi və s. məsələlərlə bağlı.

2006-cı ildə Azərbaycan və Ukrayna arasında əmtəə dövriyyəsinin həcmi 400 mln. dollar təşkil edib ki, bu da 2005-ci illə müqayisədə 35 faiz çoxdur. Bu əmtəə dövriyyəsinin necə dinamik inkişaf etməsinə sübutdur, bundan əlavə, onun həcminin artırılması məqsədi qarşıya qoyulub.

- Bəs mədəni və humanitar məsələlərə diqqət ayrılırmı?

- Ukrayna və Azərbaycan arasında mədəni əlaqələr də dolğun məzmun daşıyır. 2006-cı ildə biz Bakının Qaradağ rayonunda Ukrayna şairəsi Lecinin adını daşıyan parkda xatirə abidəsi ucaltdıq. Həmçinin ötən il Azərbaycan prezidenti Bakıda Kobzar Taras Şevçenkonun abidəsinin qoyulması barədə sərəncam verib. Mən hesab edirəm ki, bu il həmin abidənin açılışı olacaq. Hazırda abidə üzərində yaradıcı qrup işləyir. Ümid edirəm ki, onlar işi vaxtında başa çatdıracaqlar. Ötən il Kiyevin Obolonsk rayonunda isə Azərbaycanın xalq şairi Səməd Vurğunun abidəsi ucaldılıb. 2006-cı ildə biz Kiyevdə ukrayna dilində iki cilddə Azərbaycan poeziyasının antologiyasını nəşr etdik. Bu il həmin antologiyanı tərcümə edən ukraynalı şair Nikolay Miroşniçenko Rılsko adına mükafatın laureatı olub. Ötən il o, Azərbaycan Yazıçılar Birliyinin üzvü olub. Biz Ukraynanın şəhərlərində bu kitabın təqdimatını keçirdik və 31 yanvar 2007-ci ildə Taras Şevçenko adına Universitetdə yekun mərhələ oldu.

Bir müddət öncə Ukraynada Azərbaycan kulinariyası festivalı oldu. Daha öncə Xarkovda olan festival daha sonra Donetsk və Dnepropetrovskda keçirildi. Çoxsaylı azərbaycanlı diasporunun olduğu bu şəhərlərdə festivalla yanaşı biz ilk dəfə Azərbaycan Kulinarlar Assosiasiyasının "Kulina" jurnalını ukrayna dilində nəşr etdik.

Hazırda biz ukrayna dilində Azərbaycan xalq nağıllarının buraxılmasına hazırlaşırırq. Tərcümə artıq hazırdır. Zənnimcə, ilin sonuna qədər biz bu kitabı buraxa biləcəyik.

Mədəni əlaqələrdə bizim xeyli uğurlarımız var. Təəssüf ki, hamısını saymaq mümkün deyil. Əsas odur ki, inkişafın davamı üçün bir özək var.

- İkitərəfli əlaqələrin təşkilində və beynəlxalq təşkilat kimi GUAM-ın rolunu necə qiymətləndirərdiniz?

- Hazırda GUAM-ABŞ, GUAM-Avropa İttifaqı və artıq GUAM-Yaponiya (Yaponiya da bu təşkilata böyük maraq göstərir) arasında əlaqələrin yaradılması istiqamətində intensiv iş gedir. GUAM dövlət başçılarının 18-19 iyunda Bakıda keçiriləcək sammitində bu formatda ayrıca toplantının keçirilməsi planlaşdırılır. Artıq 30-dan çox ölkə bu sammitdə iştirak etmək istəklərini bildirib və bu ölkələrin bəziləri birinci şəxsləri ilə təmsil olunacaq. Bu artıq GUAM-ın real təsirlərə malik olmasını göstərir. Mən hesab edirəm ki, bu təşkilatın gələcək perspektivləri böyükdür. GUAM-ın qapıları açıqdır. GUAM-ın fəaliyyət prinsiplərini, Nizamanaməsini qəbul edən istənilən dövlət bu təşkilata üzv ola bilər və digər ölkələrlə birgə bu istiqamətlərdə fəaliyyət göstərə bilər.

- GUAM üzv ölkələrin ərazisində olan "dondurulmuş" münaqişələrin həllinə necə yardım edə bilər? Bir müddət öncə Krakovda keçirilən Energetika Sammitində əldə olunmuş razılıqlar GUAM-ın iqtisadi layihələrində nə dərəcədə əks olunacaq?

- Bilirsiniz ki, GUAM-ın təşəbbüsü ilə təşkilata üzv olan ölkələrdəki "dondurulmuş" münaqişələr barədə məsələ qaldırılıb. Bu ilin sentyabr-oktyabr aylarında Dağlıq Qarabağ, Dnestryanı, Cənubi Osetiya və Abxaziya problemləri ilə bağlı məsələlərin BMT Baş Assambleyasında baxılmağa çıxarılması planlaşdırılır. Hazırda bizim diplomatik missiyalarımız tərəfindən müvafiq işlər aparılır ki, BMT Baş Assableyasının 61-ci sessiyasında "GUAM məkanında dondurulmuş münaqişələr və onların beynəlxalq sülh, təhlükəsizlik və inkişaf üçün nəticələri" qətnaməsi qəbul olunsun.

Krakov İqtisadi Sammiti ilə bağlı isə siyasi münasibətlərdə Odessa-Brodı neft kəmərinin Polsk və Qdanska qədər uzadılması barədə razılığa gəlinib. Birgə müəssisənin yaradılması barədə elan edildi ki, həmin müəssisə də bu layihənin prinsip və ticari maraqlarını müəyyənləşdirməlidir. Mənim fikrimcə, Krakov Sammitində dövlət başçılarının qəbul etdikləri qərarların hamısı qəbul olunsa, yaxın illərdə bu kəmər istifadəyə verilə bilər.

- Azərbaycanın Ukraynadakı səfirliyində regional səviyyədə hansı işlər görülür?

- Biz Ukrayna və Azərbaycan regionları arasında qarşılıqlı əlaqələri qurmağa çalışırıq. Artıq şəhərlərin qardaşlaşması barədə bir neçə sənəd imzalanıb. Bu cür razılaşmalar Çerkass və Sumqayıt, İrpen (Kiyev vilayəti) və Bakının Qaradağ rayonu, Nikolayev şəhərinin Zavodski rayonu və Azərbaycanın Şəmkir rayonları arasında imzalanıb. Hazırda Xarkov və Gəncə, Luqansk və Mingəçevir, Kiyev vilayəti və Azərbaycanın gözəl rayonu Lənkəranın qardaşlaşması haqqında təkliflər var.

Bundan əlavə, Lvovun Azərbaycan şəhərlərindən biri ilə qardaşlaşması haqqında razılıq var. Biz indi öz şəhərlərimizlə bu istiqamətdə iş aparırıq, artıq müvafiq təkliflər göndərilib. Biz həmçinin Krım Muxtar Respublikası ilə Naxçıvan Muxtar Respublikası arasında bu cür əlaqələr yaratmaq niyyətindəyik. Biz regionların bir-biri ilə əlaqə yaratması və birbaşa işləməsi üçün maksimum çalışırıq.

- Azərbaycan diasporunun Ukraynadakı fəaliyyətini necə qiymətləndirərdiniz?

- Azərbaycan diasporu 3-4 il öncəyə nisbətən indi daha fəaldır. Bunu o da sübut edir ki, bizim diasporun nümayəndəsi Eduard Zeynalov Ali Radanın deputatıdır. 2006-cı ildə təqribən 20 azərbaycanlı şəhər, rayon və vilayət şuralarının deputatı olub. Bu onu göstərir ki, diaspor nümayəndələri Ukraynanın siyasi həyatında fəal iştirak edirlər. Bizim, Ukraynanın bir çox regionlarında elm, biznes və mədəniyyət sahəsində çalışan layiqli diaspor nümayəndələrimiz var.

- Ukraynada hazırda müşahidə olunan siyasi qeyri-sabitlik ölkələrimiz arasındakı ikitərəfli əlaqələrə təsir edə bilərmi?

- Ukraynadakı qeyri-sabitlik bizi çox narahat edir. Ukraynaya dost dövlət kimi biz istəmirik ki, böhran uzun müddət davam etsin. Çünki harada ki siyasi böhran var, bu, bir qayda olaraq iqtisadiyyata, sosial problemlərin həllinə, ölkənin xaricdəki nüfuzuna və vətəndaşların psixologiyasına mənfi təsir göstərir. Biz istəyirik ki, Ukrayna stabil həyata qayıtsın və ölkə inkişaf edən templə işləməyə başlasın.

Böhran Ukrayna və Azərbaycan arasında ikitərəfli əlaqələrə qətiyyən təsir etmir. Biz Ukraynanın daxili işlərinə qarışmırıq. Bizim maraqlı olduğumuz yeganə məsələ tez bir zamanda sabitliyin bərpa olunmasıdır. Biz hesab edirik ki, Ukraynada kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq, bu, bizim ölkələr arasındakı münasibətlərə mənfi təsir etməyəcək. Bizim münasibətlərimiz elə sıx, perspektivli və stabildir ki, heç kəs onu poza bilməz.

Ukrayna və Azərbaycan arasında müasir əlaqələrin əsasını qoyan isə bizim ümummilli liderimiz Heydər Əliyev olub. Prezidentimiz İlham Əliyev hazırda bu əlaqələri çox gözəl davam etdirir. Bu məsələdəki varislik mənə onu deməyə əsas verir ki, ölkələrimiz arasındakı əlaqələr pisləşməyəcək, əksinə, mütərəqqi xarakter alacaq.

Xəbər lenti

Xəbər lenti