...

"Demokratiya Uğrunda İttifaq" Qarabağ mövzusunu növbəti dəfə müzakirəyə çıxaracaq

Siyasət Materials 11 İyun 2007 17:18 (UTC +04:00)
"Demokratiya Uğrunda İttifaq" Qarabağ mövzusunu növbəti dəfə müzakirəyə çıxaracaq

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Üç müxalifətçi partiyanın birləşdiyi "Demokratiya Uğrunda İttifaq"ın təşkilatçılığı ilə ikinci dəfə Qarabağ mövzusunda geniş toplantı keçiriləcək. Bu barədə İttifaqda təmsil olunan Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu məlumat verib.

İttifaqın bazar ertəsi keçirilən toplantısında qurumun qərarlarının icra vəziyyəti, təşkilati məsələlər və Qarabağla bağlı növbəti tədbirin keçirilməsi məsələləri barədə müzakirələr aparılıb.

İyulun 2-də Bakıda "Qarabağ problem elmi müstəvidə" adlı dəyirmi masa keçirilməsi qərara alınıb. Tədbir saat 12.00-dan 14.00-dək Beynəlxalq Mətbuat Mərkəzində olacaq.

Bir müddət əvvəl İttifaqın təşkilatçılığı ilə Qarabağ Forumu keçirilmişdi. İyulun 2-də keçiriləcək dəyirmi masada əsasən ziyalıların, alimlərin, həmçinin partiya sədrləri, millət vəkillərinin iştirakı nəzərdə tutulur. Mirəlioğlunun sözlərinə görə, ötən dəfəki Forumda Qarabağ problemi siyasi xadimlərin, politoloqların müzakirəsinə çıxarılmışdısa, bu dəfə münaqişənin həllinə dair elmi müstəvidə müzakirələr aparılacaq.

Dəyirmi masanın sonunda işçi qrupu tərəfindən təkliflərin ümumiləşdirilməsi və yekun sənədin hazırlanması nəzərdə tutulur.

"Demokratiya Uğrunda İttifaq" müxalifətçi Klassik Xalq Cəbhəsi, Azadlıq və Milli Demokratiya partiyaları tərəfindən təsis olunub. İttifaq bu partiyaların məşvərət və əməkdaşlıq qurumudur.

Xatırladaq ki, Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. Bu ərazilər 1992-ci ildən indiyədək erməni silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək tərəflər arasında sülh danışıqları davam etdirilir.

Xəbər lenti

Xəbər lenti