...

Millət vəkili: "Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti qurumun yay sessiyasında erməni separatçılarının Dağlıq Qarabağda keçirəcəkləri reftrendum məsələsini gündəmə gətirəcəklər"

Siyasət Materials 13 İyun 2007 16:19 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyəti qurumun yay sessiyasında işğal olunmuş Dağlıq Qarabağ ərazisində erməni separatçılarının iyulda keçirəcəyi refrendum məsələsini gündəmə gətirəcəklər. Bu barədə çərşənbə günü Bakıda Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Qənirə Paşayeva məlumat verib.

Paşayeva qeyd edib ki, AŞPA-nın yay sessiyasında Azərbaycanla bağlı birbaşa məsələ müzakirə edilməyəcək. Lakin gündəlikdə Azərbaycana aid məsələlər də olacaq. Onun sözlərinə görə, sessiyanın ilk günündə Ermənistanda keçirilən parlament seçkiləri, mənədiyyətlər, dinlərarası dialoq, Dik Martinin Avropadakı gizli həbsxanalarla bağlı məruzəsi, ölüm hökmünü ləğv etməyən ölkələrdə monitorinq, Avropada antisemitizm, Cənub-Şərqi Avropada qaçqınlar məsələsi və digər məsələlər müzakirə olunacaq. Bununla yanaşı Avorpa Şurası Nazirlər Komitəsinin sədrinin məruzəsi dinləniləcək.

Eyni zamanda, Avropa Yenidənqurma və İnkişaf Bankının Şərqi və Cənub-Şərqi Avropa ilə bağlə məruzəsi dinləniləcək. O qeyd edib ki, həmin məruzədə böyük bir hissə Cənubi Qafqaza həsr olunub. Məruzədə Azərbaycanın çox sürətli iqtisadi inkişafı və bu baxımdan Cənubi Qafqaz ölkələri, həmçinin Azərbaycanla əməkdaşlıq xüsusi qeyd olunur. Sənəddə həmçinin Avropa Şurasının Cənubi Qafqazda həyata keçirilən beynəlxalq layihələrə dəstək verməsi də öz əksini tapıb. Millət vəkili qeyd edib ki, sənəddə Cənubi Qafqaz bölgəsinin inkişafı ilə yanaşı bölgədəki münaqişələr bu inkişafa mane olan amillər kimi göstərilir.

Onun sözlərinə görə, bu məsələ ətrafında Azərbaycan nümayəndə heyəti öz mövqeyini ortaya qoyacaq: "Biz bir daha qeyd edəcəyik ki, Cənubi Qafqaz bölgəsinin hərtərəfli inkişafına mane olan əsas ölkə Ermənistandır. Çünki Azərbaycan torpaqlarını işğal etməsi səbəbindən rəsmi Bakı Ermənistanla heç bir əlaqə qura bilmir".

Nümayəndə heyətinin üzvü əlavə edib ki, müzakirələr zamanı Abxaziya və Cənubi Osetiya münaqişələri də gündəmə gətiriləcək.

Paşayeva bildirib ki, sessiya çərçivəsində Avropa Şurası Nazirlər Komitəsinin rəhbərinin məruzəsi dinləniləcək və Azərbaycan nümayəndə heyəti bu zaman aktiv iştirak edəcək. Nümayəndə heyəti bu zaman iyulda Dağlıq Qarabağ speartçılarının iyul ayında keçirmək istəkidləri referendum məsələsini qaldıracaq və Avropa Şurasından bu məsələyə qəti və kəskin mövqe ortaya qoymasını tələb edəcək.

Sessiyada Cənub-Şərqi Avropada, yəni Balkanlarda olan beş yüz minə yaxın qaçqınlar məsələsi müzakirə ediləcək. Bu məsələ ilə bağlı BMT ali komissarının məruzəsi dinləniləcək: "Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti müzakirələrdə fəal iştirak edəcək. Avropada beş yüz min qaçqın olduğu halda təkcə Azərbaycanda bir milyon qaçqının olduğunu sessiya iştirakçılarının diqqətə çatdıracağıq və AŞPA deputatlarının diqqəti problemin həllinə bir daha yönəldəcəyik".

AŞPA-nın yay sessiyası iyunun 25-dən 29-dək Strasburqda keçiriləcək.

Xəbər lenti

Xəbər lenti