Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Hakimliyə namizədlərin təyinatına Milli Məclisin payız sessiyasında baxılacaq. Hakim olmaq üçün keçirilən müsabiqədə müvəfiqiyyət qazanmış 55 nəfər birinici instansiya məhəkəmələrinə hakim təyin olunacaq. Bu barədə cümə axşamı Bakıda Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu daimi komissiyasının sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Əli Hüseynov məlumat verib.
Onun sözlərinə görə, hazırda hakim korpusu üçün nəzərdə tutulan yerlərin 40 faizi vakantdır.
"Vakant yerlərə hakimlərin təyin olunması üçün Məhkəmə Hüquq Şurası və Hakimlərin Seçki Komissiyası fəaliyyətini davam etdirəcək", -deyə komissiya sədri bildirib.
Prezidentin 19 yanvar 2006-cı il tarixli fərmanı ilə Əli Bayramlı, Gəncə, Şəki və Sumqayıtda apellyasiya məhkəmələri yaradılıb. Hakimlərin sayı isə 156 ştat vahidi artırılaraq 485-ə çatdırılıb. Azərbaycan hakimlərin sayına görə, Avropa ölkələri arasında sonuncu yerlərdə durur.
Hakim olmaq üçün ötən il sənədlərini təqdim edən 1048 nəfər namizədlə ilk dəfə olaraq vahid auditoriyada test üsulu ilə, habelə yazılı və şifahi imtahanlar keçirilib. 2005-ci il sentyabrın 18-də keçirilmiş test imtahanında Avropa Şurasının tövsiyələrinə uyğun olaraq imtahan prosesinin bütün mərhələləri - sualların seçilməsi, test sualları kitabçalarının çap edilməsi, cavabların təxirəsalınmadan yoxlanılması və nəticələrin elan edilməsi həmin gün bilavasitə imtahan keçirilən yerdə namizədlər qarşısında keçirilib.