Azərbaycan, Bakı / müx. Trend E.Hüseynov/ Cümə axşamı Rusiyanın Gürcüstanda (Batumi şəhərində) yerləşən 12-ci hərbi bazasından Azərbaycan ərazisindən keçməklə Rusiyaya çatdırılacaq növbəti hərbi texnika yola salınıb. Bu, may ayından başlayaraq Gürcüstandan Rusiyaya yola salınan 9-cu eşelondur. Azərbaycanın Gürcüstan səfirliyindən telefonla verilən məlumata görə, eşelonun tərkibinə 12 BM-21 reaktiv sistemi (Qrad) yüklənmiş 32 platforma və 1 vaqon, müxtəlif modifikasiyalı 32 avtomobil daxildir. Texnikanın növbəti hissəsi iyunun 28-də daşınacaq.
Əmlak və texnikanın Azərbaycan ərazisindən daşınması barədə Azərbaycan və Rusiya arasında razılıq keçən yay dövlətlərarası səviyyədə əldə olunub. Avqustun sonuna qədər texnika və əmlakla yüklənmiş daha 14 eşelon Gürcüstandan çıxarılacaq və əsasən Rusiyaya yola salınacaq. Beş eşelon isə Ermənistanın Gümrü şəhərində 12-ci hərbi bazaya yola salınacaq.
RF Müdafiə Nazirliyindən verilən məlumata görə, Rusiya və Gürcüstan arasında əldə olunan razılığa əsasən, 2007-ci ilin sonuna qədər Axalkalakidə yerləşən 62-ci rus hərbi bazası 2007-ci ilin sonuna, Batumidə yerləşən 12-ci rus hərbi bazası isə 2008-ci il ərzində bağlanmalıdır.
RF müdafiə nazirinin müavini Vladimir İsakovun sözlərinə görə, texnikanın Azərbaycan ərazisindən daşınması Rusiyaya silah-sursatın çıxarılmasını sadələşdirməyə və RF Müdafiə Nazirliyinin xərclərini azaltmağa imkan verir. Rusiya və Gürcüstan arasında rus hərbi bazasının çıxarılması ilə bağlı tarix və ardıcıllıq haqqında müqavilə 31 mart 2006-cı ildə imzalanıb.