Azərbaycan, Bakı/ Trend müxbir S.Ağayeva / Tatarıstan Azərbaycandan investisiya qəbul etməyə hazırdır. Tatarıstan rəhbərliyi Azərbaycan sahibkarlarını respublikaya investisiya qoymağa dəvət edir və onlara güzəştli şərtlər təqdim etməyə hazırdır. Bu barədə cümə günü mətbuat konfransında Tatarıstanın Azərbaycandakı daimi nümayəndəsi Nail Zaripov məlumat verib.
Tatarıstanda əlverişli coğrafi şəraiti olan, aeroportdan 20 km. məsafədə, beş dənizə çıxışı olan Alabuqa adlı azad iqtisadi zona yaradılıb. Nümayəndə bildirib ki, Tatarıstan hökuməti Alabuqaya investisiya qoymaq istəyən Azərbaycandan olan sahibkarlara əmlak, nəqliyyat, torpaq və gəlirlərlə bağlı güzəşt təqdim etməyə hazırdır.
Diplomat Azərbaycanla Tatarıstan arasında olan əmtəə dövriyyəsinin səviyyəsindən razılığını ifadə edib. Ötən il bu göstərici 100 mln. dollar təşkil edib. Əmtəə dövriyyəsinin böyük hissəsi - 97 faizi Tatarıstandan ixracın payına düşür. Əmtəə dövriyyəsinin əsasını təşkil edən məhsullar sırasına maşın, dərman, kənd təsərrüfatı məhsulları və s. daxildir.
Zaripov bildirib ki, Tatarıstan Azərbaycana FHN üçün vertolyotlar, əczaçılıq üçün soyuducu, neft-kimya sənayesi üçün məhsullar tədarük edir.