...

Daxili İşlər Nazirliyi: "Rusiyalı jurnalistin müvafiq icazə sənədləri olmadığına görə, ölkədən deportasiya olunub"

Siyasət Materials 13 Avqust 2007 17:00 (UTC +04:00)
Daxili İşlər Nazirliyi: "Rusiyalı jurnalistin müvafiq icazə sənədləri olmadığına görə, ölkədən deportasiya olunub"

Azərbaycan,Bakı/ Trend , müxbir K. Zərbalıyeva/ Rusiyanın "Rosbalt" İnformasiya Agentliyinin müxbirinin Azərbaycandan deportasiya olunmasına səbəb müvafiq icazə sənədlərinin olmamasıdır. Bu barədə bazar ertəsi Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov məlumat verib.

Zahidov bildirib ki, Yana Amelina Milli Təhlükəsizlik Nazirliyinin Lənkəran rayon şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb və deportasiya olunub. Xarici İşlər Nazirliyinin Mətbuat və İnformasiya Siyasəti İdarəsinin rəisi Xəzər İbrahim bildirib ki, beynəlxalq aləmdə qəbul olunmuş qaydalara görə, xarici jurnalist hər hansı ölkəyə gedərsə, həmin ölkənin Xarici İşlər Nazirliyində akkreditasiyadan keçməlidir. Amelina isə Azərbaycan XİN-də akkreditasiyadan keçməyib.

Lənkəran şəhər polis şöbəsinin rəis müavini Şakir Vəliyev Trend ə bildirib ki, rusiyalı jurnalist Azərbaycanın işxal olunmuş Qarabağ ərazisinə qeyri-qanuni Ermənistandan keçib və orada separatçılarla görüşüb. Qarabağ ərəzisindən isə yenidən Ermənistana qayıdaraq Gürcüstana keçib və oradan Lənkərana gəlib. Hazırda onun Dağlıq Qarabağ ərazisinə və Azərbaycana səfərinin məqsədi MTN tərəfindən araşdırılır.

Amelina avqustun 12-də Lənkəranda saxlanılaraq Bakıya aparılıb və təyyarə ilə Rusiyaya göndərilib.

"İnterfaks"Agentliyinin yaydığı məlumata görə, "Rosbalt" İnformasiya Agentliyi deportasiyanı qanunsuz hesab edir. Amelinanın Azərbaycana hakimiyyət və müxalifətdəki siyasi liderlərlə bağlı yazı hazırlamaq məqsədilə getdiyi bildirilib. Amelina isə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı heç bir ittiham irəli sürülmədiyi və sənədlərində hər hansı qanunsuzluqla bağlı xəbərdarlıq olunmadığını deyib.

Xəbər lenti

Xəbər lenti