Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə /Azərbaycan milli azadlıq hərəkatının lideri, eks-prezident Əbülfəz Elçibəyin silahdaşları bu il də onun məzarını bir yerdə ziyarət edə bilməyiblər.
Çərşənbə günü Elçibəyin ölümünün yeddinci ildönümü tamam olub.
Elçibəyin anım günündə əvvəlcə Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) rəhbərliyi və üzvləri Fəxri Xiyabanda Elçibəyin məzarını ziyarət ediblər.
KXCP üzvləri Məşədi Əzizbəyov heykəlinin yanından Fəxri Xiyabana qədər yürüş ediblər. Yürüş zamanı polis aksiyaya müdaxilə etməyib.
KXCP Elçibəyin vaxtilə rəhbərlik etdiyi AXCP-nin varisi kimi çıxış edir.
Bundan bir qədər sonra Elçibəyin vaxtilə rəhbərlik etdiyi AXCP rəhbərliyi və üzvləri Fəxri Xiyabana gəliblər.
"Hamıya məlumdur ki, Elçibəyin silahdaşları arasında yollar ayrılıb və süni birlik görüntüsü yaratmağa ehtiyac yoxdur. Vaxtilə Elçibəylə bir yerdə olan insanların əksəriyyəti indi keçmişlərindən imtina ediblər və bunu açıq şəkildə bəyan edirlər" - deyə AXCP sədri Əli Kərimli bildirib.
KXCP sədri Mirmahmud Mirəlioğlu isə bildirib ki, Elçibəyin tərəfdarları yeddi il bundan əvvəl bir sıra vədlər versələr də, onu yerinə yetirə bilməyiblər. Mirəlioğlu buna görə üzr istəyib.
Elçibəyə yaxınlığı ilə seçilən Müsavat Partiyasının başqanı İsa Qəmbər və partiya rəhbərliyi, eks-prezidentin ailə üzvləri və qardaşı Almurad Əliyev də Fəxri Xiyabana ayrı-ayrılıqda gəliblər.
Əbülfəz Qədirqulu oğlu Əliyev (Elçibəy) iyunun 24-də 1938-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Kələki kəndində anadan olub. Ötən əsrin 80-ci illərinin sonlarında başlanan xalq azadlıq hərəkatının liderlərindən biri olub. O, Xalq Cəbhəsinin sədri kimi 1992-ci il iyunun 7-də Azərbaycanın prezidenti seçilib.
1993-cü ilin iyununda baş vermiş qiyam nəticəsində Bakını tərk edərək anadan olduğu Kələki kəndinə gedib, 4 il 4 ay orada yaşayıb.