...

Gürcüstanlı çoban Azərbaycan Ordusunun əsgəri tərəfindən vurulub

Siyasət Materials 28 Avqust 2007 13:08 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir K.Zərbalıyeva, E.Hüseynli/ Gürcüstanlı çobanı Gürcüstan-Azərbaycan sərhədində Azərbaycan Ordusunun əsgəri Vaqif Ağayev vurub. Bu barədə məlumatı çərşənbə axşamı Azərbaycan Hərbi Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Əfrahim Təhməzov bildirib.

Bazar ertəsi Gürcüstan-Azərbaycan sərhədində, "Qırmızı körpü" buraxılış məntəqsinin yaxınlığında azərbaycanlıların kompakt yaşadığı Gürcüstanın Marneuli rayon sakini, 34 yaşlı Elmixan Nəsibova atəş açılıb. Nəsibov yerindəcə keçinib.

Prokurorluqdan bildiriblər ki, əsgər Ağayev hərbi xidmətə Azərbaycanın İmişli rayonundan çağırılıb. Ölüm faktı ilə bağlı Azərbaycan Cinayət Məcəlləsinin 120.1 maddəsi (qəsdən adam öldürmə) ilə Azərbaycanın Qazax rayon Prokurorluğunda cinayət işi açılıb.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu çərşənbə axşamı Trend ə bildirib ki, ilkin məlumata əsasən, Gürcüstanın Marneuli rayon sakini Nəsibov qadağan olunmuş zonaya keçib, xəbərdarlıq atəşinə baxmayaraq dayanmayıb və sonra vurulub.

Kvemo Kartli regionunun güc strukturlarından Trend ə bildiriblər ki, Gürcüstan vətəndaşı Nəsibov bu gün sərhədin yaxınlığında mal-qara otararkən səhər saat 8-də Azərbaycan tərəfdən bir neçə atəş açılıb.

Güllələrdən biri Nəsibovun boynuna, digəri isə əlinə dəyib. Çobanın mal-qaranı Azərbaycan-Gürcüstan sərhəd postları arasında otardığı artıq müəyyən olunub. İstintaq hələ ki, Nəsibovun Azərbaycanla sərhədi pozması faktını təsdiqləyə bilmir.

İlkin təhqiqat Kvemo Kartli regionunun polisi tərəfindən aparılıb, dəlil-sübutlar və güllələr hadisə yerindən götürülüb. Nəsibovun ailəsi məhkəmə tibbi ekspertizanın aparılmasından imtina edib.

Xəbər lenti

Xəbər lenti