...

Məhkəmə partiyanı qərargahla təmin etməsi üçün Dövlət Komitəsinə vaxt verib

Siyasət Materials 31 Avqust 2007 14:09 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Xətai rayon məhkəməsi Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə Azadlıq Partiyasını qərargahla təmin etməsi üçün 10 gün vaxt verib. Bu barədə cümə günü Trend ə Azadlıq Partiyasmının sədri Əhməd Oruc məlumat verib.

Əhməd Oruc partiyanın qərargahla təmin edilməməsinə etiraz olaraq Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovu məhkəməyə verib. O, məhkəmədən partiyaya qərargah üçün yer ayrılması vəzifəsinin həmin şəxsin üzərinə qoyulmasını tələb edir.

Şikayət əsasında cümə günü Xətai rayon məhkəməsində keçirilən iclasda hakim Bəhram Şükürov Dövlət Komitəsinin nümayəndəsinə tövsiyə edib ki, 10 gün ərzində Azadlıq Partiyasına qərargah üçün yer təklif edilsin və məsələ məhkəmə qərarı olmadan həllini tapsın.

Komitə nümayəndəsi Ülvi Nəsibli bildirib ki, bu müddət ərzində partiyaya müvafiq yer təklif etməyə çalışacaqlar.

Hakim prosesin sentyabrın 10-u saat 15.00-da davam etdirilməsinə qərar verib. O vaxtadək məsələ tərəflərin öz arasında həllini tapmasa, hakim müvafiq qərardad çıxaracaq.

Müxalifətyönlü Azadlıq Partiyası "Demokratiya Uğrunda İttifaq" adlı qurumda təmsil olunur.

Xəbər lenti

Xəbər lenti