...

Baş nazirin müavini: Bakıda uçan binanın yaxınlığındakı evlər də standartlara uyğun deyil

Siyasət Materials 31 Avqust 2007 21:27 (UTC +04:00)
Baş nazirin müavini: Bakıda uçan binanın yaxınlığındakı  evlər də standartlara uyğun deyil

Azərbaycan, Bakı/ Trend müxbir İ.Əlizadə/ Bakıda uçan binanın yaxınlığındakı evlərə keçirilən baxış bu yaşayış evlərinin də standartlara uyğun olaraq tikilmədiyini göstərib. Bu barədə cümə günü axşam mətğuat konfransında Dövlət Komissiyasının rəhbəri Abid Şərifov bildirib.

Avqustun 28-də, çərşənbə axşamı Naxçıvani və Muxtarov küçələrinin kəsişməsində "Mütəfəkkir" şirkətinin tikdiyi 16 mərtəbəli bina uçub. İlkin versiyalara görə, binanın uçmasının səbəbi tikinti zamanı texniki təhlükəsizlik qaydalarının kobud şəkildə pozulması olub. Rəsmi məlumatlara görə tikintinin qalıqları altından çıxarılan həlak olan insanların sayı 12 nəfərdir. FHN mətbuat xidmətinin verdiyi məlumata görə, dağıntı altında daha 16 nəfərin qalması güman edilir.

Şərifovun sözlərinə görə, ekspertiza uçan binada istifadə olunan betonun standartlardan 3 dəfə aşağı olduğunu müəyyən edib. Uçqun zamanı yaxınlıqdakı binalardan birinin də konstruksiyası zədə alıb. Zədələnmiş binanın sakinlərinin köçürülməsi barədə qərar qəbul olunub.

Baş nazirin müavini "Mütəfəkkir" şirkətinin qanunsuz bina tikməsi və buna rəsmi icazəsinin olmaması barədə məlumatları təkzib edib. "Mən bu evin qanunsuz tikilidyinə inanmıram. Komissiya da sənədlərin qaydasında olduğu rəyinə söykənir. Tikinti materiallarının çatışmazlığındakı məsuliyyət isə şirkətin və nəzarət həyata keçirməli olan orqanların üzərinə düşür. Araşdırma aparılır və lazımi sənədlər prokurorluğa təqdim olunub"-deyə Şərifov söyləyib.

Komissiya sədri bildirib ki indiyə qədər hadisə yerinin təmizlənilməsi əllə aparılırdı ki, mümkün qədər çox sağ insan xilas edilsin. İndi isə ağır texnika cəlb olunması ilə təmizləmə işlərinin sürətləndirilməsi qərarına gəlinib.

Xəbər lenti

Xəbər lenti