...

Müğənni Natəvan Həbibi: "Məni şərləyənlər məhkəmədə cavab verəcəklər"

Cəmiyyət Materials 15 Sentyabr 2007 14:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 sentyabr / "TrendLife" , müxbir Şahin Cavadsoy/ Vaqif Gərayzadənin yaratdığı "W tiro" qrupunun eks solisti Natəvan Həbibinin yaşadığı xoşagəlməz olaylardan yəqin ki, çoxlarınızın xəbəri var. Mətbuatın yazdığına görə, bu müğənni erməni əsillidir, Bakıda qeydiyyatı yoxdur, soyadı isə Həbibi yox, Akopyandır. Və guya "siflis" xəstəlyindən əziyyət çəkir. Olub-bitənləri "TrendLife" olaraq diqqət mərkəzində saxladığımızdan, məsələyə daha ətraflı aydınlıq gətirmək məqsədilə onunla görüşdük. Natəvan da susmadı. Və bütün yaşadığı olayları yalnız "TrendLife"la bölüşdü:

- Deyirsən ki, barəndə belə xəbərlərin yayılmasının səbəbkarı jurnalist Cavanşir Babəlioğludur. Aranızda nə baş verib ki?

- Məncə heç nə. Hər şey oxuduğum xalq mahnısı - "Lay-lay"ı ona verməməyimdən sonra başladı. "Oxuyan mətbuat" layihəsində o, məhz bu mahnını ifa etmək niyyətində idi. Mən isə ona dost kimi başa salmağa çalışdım ki, əgər bu, hansısa studiyada rejissorlardan birinin əlinə keçsə, gənc ifaçılar mütləq onu oxumağa cana atacaqlar. Mən isə bunu istəmirəm. Çünki "Lay-lay"ı xüsusi layihə kimi ortalığa çıxarmaq fikrindəyəm. Əvəzində başqalarını oxumasını təklif etdim. O isə razılaşmadı.

- Etiraf edə bilərsənmi ki, Cavanşirin sənin populyarlaşmağında az da olsa rolu olub...

- Mən şəxsən sənə deyə bilərəm ki, sən bir dost kimi Cavanşirdən daha çox mənə kömək etmisən. Cavanşir heç vaxt bir şeyi təmənnasız etməyib. Mən elə insanam ki, əgər kimsə mənim dostum ola-ola mənə bir iş görürsə, əsla onun etdiyini cavabsız qoymuram. Ən çətin anlarında mən ona əl tutmuşam. Özü də tək Cavanşirə yox.

- Etdiklərini dilinə gətirmək, həm də başa qaxmaq kimi səslənir.

- Yox, bununla razılaşmıram. Etdiyim yaxşılıqları kiminsə başına vurmuram. Demək əlimin duzu yoxdur.

- Ötən söhbətimizdə vurğulamışdın ki, vaxtilə Natəvan Həbibi o qədər də tanınmırdı, populyar deyildi, hamı üçün əziz bir insan idi. Amma indi hər kəsin sənə olan münasibəti dəyişib. Bunun səbəbi necə, sənə məlumdurmu?

- Doğrudan da mən bu fikrə düşməkdə yanılmamışam. Çünki o vaxt Natəvan populyar olmayanda hər kəs mənə deyirdi ki, niyə oxumursan? Yerin səhnədə görünür. Amma indi həmin o adamlar üzümə deməsələr də, arxamca danışırlar ki, bu nə oxuyandır, onu efirə buraxılar. Bəli, bu sözlər mənə çox təsir edir.

- Bu erməni haqq-hesabı haradan qaynaqlanır?

- Əgər sənətimlə bağlı danışılsaydı, bu o qədər mənə təsir etməzdi. Amma mənim şəxsiyyətimə, ailəmə toxunmaq istəyənlərə cavab verməsəm, ürəyim partlar. İnanın, gözümü açandan bəri evimizdən həmişə Quran kəlamlarının səsi gəlib. Mənim babam Qurani-Kərimi oxuyanda həmişə ağlayırdım. Düzdü, başa düşmürdüm ki, o, nə oxuyur. Amma çox təsir edirdi mənə o avaz. Yəni müsəlmançılıq qanımda var. Təkrarən deyirəm ki, məni şərləyənlər məhkəmə önündə cavab verəcəklər. Mən heç kimi nə döydürəcəm, nə də öldürəcəm. Ona görə ki, hər işin qanuni çərçivədə olmasının tərəfdarıyam. Bu işdə də vəkillərimin köməyinə arxayınam. Axı bir də ki, mən Cənubi Azərbaycandanam. Necə ola bilər ki, erməni olum?

- Şəxsiyyət vəsiqəsində yazılan ad və soyadını deyə bilərsənmi?

-Natəvan Həbibi.

- Niyə belə əminliklə söyləyirsən ki, haqqında gəzən bütün söz-söhbətləri məhz Cavanşir yayıb?

- Qoy onda Cavanşir gətirib o adamı göstərsin ki, bax, Nata, xəbərləri bu yayıb, mənlik heç nə yoxdur. O zaman ondan əl çəkərəm. Mən bilirəm ki, "Qara piyarı"mı kim davam etdirir. Sadəcə ürəkaçmayan odur ki, bu yalanları yaymaqda dostlarımdan istifadə edirlər.

- Bəlkə mehriban düşmənlərin bu söhbətlərlə səni yıxmaq istəyirlər?

- Çox güclü insanam. Ətrafımda sevdiyim insanlar - valideynlərim, nişanlım, bacım var. Və ən birincisi başımın üstündə Allah var.

- Yaşadığın bu olaylar yaradıcılığına necə, mənfi təsir göstərmədi ki?

- Qətiyyən yox. Əminəm ki, bu söhbətlərin çox qısa zamanda bir sonluğu olacaq. İnanın, hər gün o insanlar zəng vurub, mənimlə münasibətlərini düzəltmək istəyirlər. Amma bilirsiz, mən bağışlasam da, anam bağışlamayacaq o insanları. Çünki mənim ailəmə toxunurlar. Olmaz belə.

- "Siflis" söhbəti nə məsələdir?

- Yəqin bilirsiz ki, yalan diaqnoz qoyan həkim də cinayətkar sayılır. Görün o həkim necə bir məsuliyyətin altına girib məlumat verir ki, Natəvan bir dəfə, iraq olsun, "siflis"dən müalicə olunub. Bir daha vurğulayıram ki, o yalançı həkim də məsuliyyətdən yaxasını qurtara bilməyəcək.

- Ola bilər ki, Natəvan hər şeyi dostluğa qurban verib, özü "barışıq aşı"ı süzsün?

- ... Ümumiyyətlə, özümü qəlbində bir zərrə olsun kin saxlamayan insanlar cərgəsinə aid edirəm. Vallah, kiminləsə münasibətim pozulanda, həmişə yer qoyuram ki, nə vaxtsa onunla üz-üzə gələ bilərəm. Amma heyf ki, əhatəmdə olanlar bunu etmədilər. Nə bilim, yenə Allah bilən məsləhətdir. Yəqin ki, sülh barəsində nəsə fikirləşərəm...

Xəbər lenti

Xəbər lenti