...

Millət vəkili: "Soyad sonluqlarının dəyişdirilməsi məcburi xaraktek daşıyacaq"

Cəmiyyət Materials 18 Sentyabr 2007 17:10 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend ,müxbir İ.Əlizadə /1991-ci ildən sonra anadan olan Azərbaycan vətəndaşları üçün hazırda istifadə olunan "ov-ova", "yev-yeva", "zadə", "ski" soyad sonluqlarından imtina edilməsi məcburi xarakter daşıyacaq. Bu barədə çərşənbə axşamı Bakıda Milli Məclisin Mədəniyyət məsələləri daimi komissiyasının üzvü, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Rafael Hüseynov bildirib.

"Azərbaycanda yalnız soyadlarda deyil, adlar məsələsində də ciddi problemlər var və bunun tənzimlənməsinə ehtiyac yaranıb", -deyə Hüseynov bildirib.

Azərbaycanda "ov-ova", "yev-yeva", "zadə", "i" soyad sonluqlarından istifadə olunmasına XIX əsrin sonu, XX əsrin əvvəllərindən başlanılıb. Azərbaycan müstəqillik qazandıqdan sonra "ov-ova", "yev-yeva" soyad sonluqlarından imtina olunması məsələsi gündəmə gətirilib. Milli Məclisdə bir neçə dəfə məsələ müzakirəyə çıxarılıb. Lakin məsələyə dair qanun layihəsi hazırlayıb qəbul etmək mümkün olmayıb.

Üç il əvvəl "Adlar və soyadlar haqqında" qanun layihəsi hazırlayıb. Artıq iki dəfə Azərbaycanda tanınmış dilçi alimlər, etnoqraflar və müxtəlif sahələri təmsil edən ziyalıların iştirakı ilə qanun layihəsinin müzakirəsi keçirilib.

Qanun layihəsinə əsasən, hazırda istifadə olunan qeyri-Azərbaycan mənşəli soyad sonluqlarından imtina edilir. Soyadlar ya sonluqsuz verilir, ya da lı, li, lü, lu şəkilçisindən istifadə olunmalıdır. Azərbaycan vətəndaşı olan və özlərinin ənənəvi milli soyad sonluqları olmayan başqa xalqların nümayəndələrinin bu qanunun tələblərinə tabe olması könüllülük prinsipi əsasında olacaq. Bundan başqa, 1991-ci ilin oktyabrın 18-dən- Azərbaycanda Müstəqillik Aktının qəbul olunmasından əvvəl anadan olan vətəndaşlar üçün bu qanunun tələblərinə əməl etmək də könüllüdür: "Onlar soyad slonluqlarını dəyişə də bilərlər, dəyişməyə də. Çünki elə yaşlı insanlar onları belə tanıyıblar və yeni soyad slonluqları götürmək onlar üçün çətindir. Amma müstəqillik dövründə anadan olanlar üçün bu qanunun tələblərinə əməl etmək məcburidir".

Millət vəkili qanun layihəsinin nə vaxt müzakirəyə çıxarılacağının məlum olmadığını deyib.

Parlamentin Mədəniyyət məsələləri daimi komissiyasının sədri Nizami Cəfərov isə bildirib ki, soyad sonluqları ilə bağlı məsələdə məcburiyyət ola bilməz: "Bu çox mürəkkəb məsələdir. Əgər biz hansısa soyad sonluğunu götürsək və onun tətbiqini məcburi eləsək, onda Azərbaycanda yaşayan digər xalqların nümayəndələri nə etməlidirlər? İkincisi, azərbaycanlıların yanlız beşdə biri Azərbaycanda yaşayır. Biz bu məsələdə məcburiyyət variantını seçsək, onda bunun Gürcüstanda, Cənubi Azərbaycanda və digər ölkələrdə yaşayan soydaşlarımıza heç bir təsiri olmayacaq".

Komissiya sədri hesab edir ki, bu məsələdə insanlara müstəqillik vermək lazımdır. Cəfərov deyib ki, "Adlar və soyadlar haqqında" qanunun qəbul olunması vacibdir.

Xəbər lenti

Xəbər lenti