...

Apellyasiya Məhkəməsi qəzetin barəsində çıxarılmış cərimə qərarını ləğv edib

Cəmiyyət Materials 19 Sentyabr 2007 19:26 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Azərbaycanın Apellyasiya Məhkəməsi çərşənbə günü "Azadlıq" qəzetinin barəsində çıxarılmış 50 min manatlıq cərimə qərarını ləğv edib. Bu barədə çərşənbə günü Trend ə qəzetin vəkili Elçin Sadıqov məlumat verib.

"Azərsun" Holdinq "Azadlıq" qəzetini yazdığı "Azərsun əsgərlərimizi zəhərləyir" və "Azərsun keyfiyyətsiz çay istehsalı ilə məşğuldur" başlıqlı yazılara görə məhkəməyə verib. Şirkət qəzetin barəsində üç iddia qaldıraraq hər biri üzrə 50 min manatlıq təzminat tələb edib.

Yasamal rayon məhkəməsi şikayətləri təmin edərək "Azadlıq"ı ümumilikdə 150 min manat cərimələyib və təkzib verməsinə dair qərar çıxarıb.

Həmin iddialarla bağlı apellyasiya şikayəti verilib. Şikayətlərdən biri qismən təmin edilərək 50 min manatlıq cərimə 5 min manata endirilib. İkinci şikayət üzrə Apellyasiya Məhkəməsində bu gün keçirilən iclasda cərimə tamamilə ləğv edilib, yalnız təkzib qərarı qüvvədə saxlanılıb. Üçüncü iddia üzrə apellyasiya şikayəti isə hələlik Apellyasiya Məhkəməsinə təqdim olunmayıb.

Xəbər lenti

Xəbər lenti