Azərbaycan, Bakı/ Trend müxbir S.Ağayeva/ Azərbaycan Müəllimlər İnstitutunun iki tələbəsi çərşənbə axşamı hicab (baş örtüyü) taxdıqlarına görə yenidən auditoriyadan çıxarılıblar. Qızlar institutun rektoru Aqiyə Naxçıvanlının tapşırığı ilə dərslərə buraxılmayıblar. Bu barədə çərşənbə axşamı qızaların hüquqlarını qoruyan Vicdan və din azadlıqlarının müdafiəsi mərkəzinin (DEVAMM) sədri, hüquq müdafiəçisi İlqar İbrahimoğlu bildirib.
Rektor Aqiyə Naxçıvanlı bazar ertəsi tələbələri yalnız hicab taxdıqlarına görə dərsə buraxmayaraq onları seçim qarşısında qoyub - tabe olmaq, yaxud ali məktəbdən qovulmaq.
"İnstitut rektoru Aqiyə Naxçıvanlı öz hərəkətini haqlı hesab edir, onun fikri ilə razı olmayanlara isə dinşünaslıq fakültəsinə keçməyi məsləhət görür" - deyə rektorla söhbətə istinad edən İbrahimoğlu bildirib. Mətbuat və hüquq müdafiəçilərinin müdaxiləsindən sonra rektor güzəştə gedib: ikinci növbə maneəsiz olaraq dərslərə buraxılıb.
Onun sözlərinə görə, bu gün daha altı tələbə İnstitutun girişində saxlanılıb. Daha sonra isə onlar hüquq müdafiəçisinin müdaxiləsi ilə ikinci dərsə buraxılıblar.
"Azərbaycan qanunvericiliyində ictimai yerlərdə hicab taxılmasına qadağa yoxdur və Təhsil Nazirliyi də təhsil müəssisələrində bunu qadağan etmir" - deyə nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bayam Hüseynzadə bildirib.
Təhsil Nazirliyinin nümayəndəsi bildirib ki: "Nazirlik rektorun qanunsuz hərəkətlərini araşdırır".
"Gələcək nəslin tərbiyəsi ilə məşğul olacaq müəllimləri hazırlayan pedaqoji ali məktəbdə rektorun hərəkətləri bütün beynəlxalq sənədlərə ziddir və heç bir çərçivəyə sığmır" - deyə Azərbaycanın məşhur hüquq müdafiəçisi Səidə Qocamanlı bildirib.
Onun sözlərinə görə, məhz bu cür məmurların ucbatından Azərbaycanda insan haqları pozulur.
"Azərbaycan dünyəvi dövlətdir, biz vətəndaşların dini azadlıqlarına hörmət edirik, lakin dini təhsili dünyəvi təhsillə qarışdırmaq lazım deyil. Təhsil alan tələbələr oxuduqları təhsil müəssisəsinin daxili qaydalarına hörmətlə yanaşmalıdırlar" - deyə Azərbaycan parlamentinin insan haqları daimi komissiyasının sədri Rəbiyyət Aslanova hesab edir.
Ölkə qanunvericiliyinə əsasən, hicablı qadınlara yalnız pasport üçün şəkil çəkdirərkən hicab taxmaq qadağan olunub. Digər hallarda isə dini geyim qanunvericiliyə zidd deyil.