...

Həbsdə olan hərbçi ona qarşı irəli sürülən ittihamları qərəzli sayıb

Cəmiyyət Materials 27 Sentyabr 2007 14:02 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Azərbaycan Silahlı Qüvvələrinin Mühafizə Briqadasının sabiq komandir müavini ona qarşı irəli sürülən ittihamları qərəzli sayıb. Bu barədə cümə axşamı Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə keçirilən prosesdə təqsirləndirilən Rasim Muradov ifadə verərkən deyib.

Polkovnikə qarşı Cinayət Məcəlləsinin təkrar rüşvət alma (311.3.2-ci) maddəsi ilə ittiham irəli sürülüb.

Muradov ifadəsində bildirib ki, xidmət etdiyi hərbi hissədə baş verən qanun pozuntuları barədə mətbuatda etdiyi çıxışlarla bağlı ona təzyiqlər olunub və saxta ittihamlarla həbs edilib.

Yaxın tanışlarını rüşvət yolu ilə özünün xidmət etdiyi hərbi hissəyə xidmətə qəbul etmək ittihamı ilə bağlı ifadə verən polkovnik bildirib ki, onun bunu təkbaşına etməyə ixtiyarı yoxdur və çağrışçıların hərbi hissələrə paylanılmasına Biləcəri hərbi cağırış məntəqəsi, Respublika Hərbi Komissarlığı, hərbi hissə komandiri birbaşa nəzarət edir.

Proses oktyabrın 5-də şahidlərin ifadələri ilə davam etdiriləcək.

Muradov iyulun 24-də həbs olunub. Barəsində mart ayında Mühafizə Briqadasının komandiri, polkovnik Mirzəli Yusifov tərəfindən cinayət işi açılıb.

İbtidai istintaq zamanı Muradova rüşvət alma və vəzifədən sui-istifadə ilə bağlı ittihamlar üzrə sübut tapılmadığı üçün bu ittihamlar onun üzərindən götürülüb.

Xəbər lenti

Xəbər lenti