...

Avropa Azərbaycanlıları Konqresi Mixail Qorbaçova müraciət ünvanlayıb

Cəmiyyət Materials 9 Oktyabr 2007 12:16 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Avropa Azərbaycanlıları Konqresi (AAK) Beynəlxalq Yaşıl Xaç Cəmiyyətinin ("Green Cross International") sədri, keçmiş SSRİ prezidenti Mixail Qorbaçova müraciət ünvanlayıb. Bu barədə çərşənbə axşamı AAK-ın birinci vitse-prezidenti Gülşən Kazımova məlumat verib.

Müraciətdə əvvəlcə bildirilir ki, Avropa azərbaycanlıları "Green Cross International" təşkilatının dünyada sülhün və sabitliyin, ekoloji təhlükəsizliyin təmin olunması istiqamətindəki fəaliyyətini təqdir edir. Münaqişə və müharibələrdən əziyyət çəkən xalqın nümayəndələri kimi azərbaycanlılar bütün növ bəşəri zorakılıq aktlarına qarşı mübarizəni dəstəkləyirlər.

Bununla belə, AAK Qorbaçovun keçmişdəki fəaliyyətinin bəzi məqamları ilə hazırkı missiyası arasında ziddiyyətlər olduğunu qeyd edir.

"SSRİ prezidenti vəzifəsində olduğunuz dövrdə Azərbaycanda, Gürcüstanda, Latviya, Litva və Estoniyada Sovet Ordusunun dinc sakinlərə qarşı həyata keçirdiyi qanlı hərbi əməliyyatlar bizim xalqlarımızın tarixi yaddaşında kədərli iz buraxıb. Azərbaycan xalqı bu gün də 1990-cı ilin 20 yanvarında Bakı şəhərində yüzdən çox insanın qətlə yetirilməsi, yüzlərlə insanın yaralanması ilə nəticələnən faciəni böyük iztirab və hüznlə xatırlayır" -deyə müraciətdə bildirilir.

Daha sonra müraciətdə soruşulur ki, Qorbaçovun totalitar rejimin hökm sürdüyü Sovet İmperiyasını qoruyub saxlamaq niyyəti 20 yanvar hadisələri kimi qəddar, qeyri-insani metodlara əsaslanan addımların atılmasına bəraət qazandıra bilərmi?

"Siz bu dəhşətli faciəyə görə tarixin quracağı məhkəmənin qarşısında bəraət ala biləcəyinizə inanırsınızmı? Və nəhayət necə hesab edirsiniz, "Green Cross International" təşkilatının rəhbəri kimi üzərinizə götürdüyünüz missiya sizin keçmişdəki fəaliyyətinizin bu mərhələləri ilə ziddiyyət təşkil etmirmi?" - deyə müraciətdə yazılır.

Müraciətin sonunda soruşulur ki, "Green Cross International" təşkilatı 20 ilə yaxındır davam edən Ermənistanın Azərbaycana təcavüzü nəticəsində 30 mindən çox vətəndaşı qətlə yetirilmiş, bir milyona yaxın vətəndaşı öz torpaqlarından didərgin düşmüş, hərbi əməliyyatlar nəticəsində böyük ekoloji faciələrə məruz qalmış Azərbaycan xalqına nə kimi yardım göstərə bilər.

Bu müracət olan məktubu AAK-ın təmsilçisi Vüsalə Hüseynova oktyabrın 5-6-da ABŞ-ın New Orleans şəhərində "Green Cross International"ın Baş Assambleyasının toplantısında Qorbaçova təqdim etməyə cəhd göstərib, lakin onun mühafizəçiləri buna imkan verməyiblər. AAK-dan verilən məlumata görə, müraciətin mətni sərt olduğundan Qorbaçovun protokol rəhbəri Aleksandr Likotel də onu qəbul etməyib. Çox ciddi səylərdən sonra yalnız Xocalı faciəsindən bəhs edən kitabı protokol rəhbərinə çatdırmaq mümkün olub.

Xəbər lenti

Xəbər lenti