Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyri-hökumət təşkilatlarının dövlət qeydiyyatı ilə bağlı Azərbaycana qarşı ikinci qərar qəbul edib.
İnsan Haqları Üzrə Avropa Məhkəməsinin mətbuat xidmətindən çərşənbə günü Trend ə bildirilib ki, Jurnalist Araşdırmaları Mərkəzinin rəhbəri Şeyda Nəsibovanın şikayəti üzrə çıxarılan qərarla Azərbaycan dövləti 3 min avro məbləğində cərimələnib.
Şikayətçi İnsan Haqları və Azadlıqları haqqında Konvensiyanın yığıncaqlar və birləşmək azadlığının (maddə 11)və ədalətli məhkəmə araşdırması hüququnun (maddə 6) pozulduğunu iddia edir. Nəsibova təşkilatının qeydiyyata alınması və işinin məhkəmədə ədalətli araşdırılmasını istəyirdi.
Məhkəmənin qərarı ilə Jurnalist Araşdırmaları Mərkəzi dövlət qeydiyyatına alınmalı və Azərbaycan dövləti ərizəçiyə 1000 avro məbləğində mənəvi təzminat, 2 min avro məbləğində isə məhkəmə xərclərini ödəməlidir.
2001-ci ildə yaranan Jurnalist Araşdırmaları Mərkəzinin məqsədi Azərbaycanda jurnalistikanın inkişafı və kütləvi informasiya vasitələrinin azadlığını təmin etməkdir.
Avropa Məhkəməsi bu işlə bağlı qərar qəbul edərkən "Ramazanova və başqaları Azərbaycana qarşı" işlə bağlı qəbul etdiyi qərarına istinad edib.
"Ramazanova və başqaları Azərbaycana qarşı" adlı iş üzrə məhkəmə dəyən mənəvi zərərin ödənməsi üçün onlara 4 min avro, maliyyə məsrəflərinə görə isə 2 min avro ödənməsi barədə qərar çıxarıb.
Nəsibovanın işi ilə bağlı çıxarılan qərar Avropa Məhkəməsinin Azərbaycana qarşı qəbul etdiyi altıncı qərarıdır.