...

Əməkdar artsit Aygün Bəylər Sibel Canla oxuyacaq

Cəmiyyət Materials 7 Noyabr 2007 17:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 noyabr /müx. TrendLife Günel Əhmədova/

Əməkdar artist Aygün Bəylər yaradıcılığının 10 illiyi ilə bağlı musiqili proqram üzərində çoxdan bəri işləyir. Lakin maliyyə sıxıntıları işini bir qədər ləngidir. Müğənninin TrendLife-a müsahibəsində bəlli oldu ki, dekabra nəzərdə tutulan konsert təxirə salınıb. Qeyd edək ki, bu layihənin möhtəşəmliyindən xəbər verən faktlardan biri də, Aygün Bəylərin türkiyəli müğənni Sibel Canla birgə səhnəni bölüşməsi olacaq. Müğənni dedi ki, artıq tərəflər arasında danışıqlar olub və onlar səhnədə həm türk, həm də azəri mahnılarını birgə səsləndirəcəklər.

-İdeya kimdən gəlib?

-Sibel Canın bir neçə il əvvəl Bakıda keçirilən konsertində mən səhnəyə çıxıb, kiçik musiqi parçası səsləndirmişdim. Elə o vaxtdan türkiyəli sənətçi ilə bizi dostluq telləri bağlayıb. Hələ Bakıda olarkən Sibel xanım böyük proqramda birgə çıxış etməyimiz barədə təklif irəli sürdü. Bu qənaətə gəldik ki, hər ikmiz öz ölkəmizdə konsert təşkil edək və birgə çıxış edək. İlk addımı mən atdım. Sibel Canla əlaqə saxlayıb ideyanın qüvvədə qalıb-qalmadığını soruşduqda o, vədini unutmadığını və hər zaman Bakıya gəlməyə hazır olduğunu söylədi. Onun mehribanlığı, sənətə olan sevgisi, mənim tezliklə bu layihədə təmsil olunmağıma rəvac verdi. Artıq bir neçə aydır öz ansamblımla məşqlərə başlamışam. Yeni mahnılar yazılır.

-Repertuar necə qurulub?

-Bir saat mən və eyni saatla türkiyəli həmkarım çıxış edəcək. "Aygün Bəylər 10 il səhnədə" adlanan 3 saatlıq proqramın qalan bir saatında isə, biz həm türk, həm də azəri mahnılarını duet oxuyacağıq. Amma maliyyə çətinliyindən,layihənin həllini bir az ləngitmək qərarına gəlmişəm. Çünki Sibel xanımın yol, otel xərcləri, H.Əliyev adına İdman- Konsert Kompleksinin kirayəsi, dekorasiya, musiqiçilərin haqqı və bu kimi işlər böyuk məbləğ tələb edir. Hələ xırdalıqları sadalamıram.

-Konsert hansı tarixə kimi təxirə düşüb?

-Hələ özüm də bilmirəm. Dekabra nəzərdə tutulmuşdu. O vaxta kimi repertuar və mənim üzərimə düşən müəyyən işlər hazır olacaq. Amma yuxarıda qeyd etdiyim məsələlərin həlli mənim imkanım xaricindədir. El şənliyində çıxış etməklə, bunları ərsəyə gətirmək mümkün olmur. Bu işdə sponsor dəstəyinin olmasını vacib sayıram. Əgər maliyyə yardımçısı olsa, konsertin vaxtı dəqiqləşəcək.

-Söz gəzir ki, Aygün Bəylər bir neçə qrup yaradıb və onlara rəhbərlik edir. Bunlar hansı zərurətdən yaranıb?

-"Şövkət Ələkbərova" adına orkestrə və "Bəylər" adına qrupa rəhbərlik edirəm. Paralel olaraq, bir müddət əvvəl oğlanlardan ibarət "Gilan" adlı qrup yaratmışam. Uşaqlar istedadlıdırlar və onlarla birgə yeni kompozisiyaları ərsəyə gətirmişik. Radio dalğalarında səslənəndən bəri, korifeylərimizdən xoş sözlər eşidirəm. Hər iki qrupu və orkestri yaratmaqla, musiqi dünyamıza öz töhfəmi vermək qərarına gəldim. Eyni zamanda, onlarla işlədikcə daim axtarışlar aparır, yeniliklər edirəm. Öyrədir və öyrənirəm.

-Aygün Kazımova və Nəsibə Abdullayevanın ifa etdikləri "Səndən nigaranam" mahnısını Aygün Bəylər lentə yazdırdı. Mahnı uğurlu alınıb və musiqidəki melodiyanı öz dəst-xəttinizlə yaşada bilmisiniz.

-Melodiyanı həzinləşdirib, müəlliflərin dili ilə danışmağa çalışmışam. Musiqiçi dostlarımın etirafına görə, mahnı uğurlu alınıb. Onu da qeyd edim ki, mahnıya tezliklə klip çəkiləcək. Bu işi İctimai Televiziya öz üzərin götürüb və təmənnasız olaraq, mahnını ekranlaşdıracaq. Klipin rejissoru tele-kanalın əməkdaşı Ceyhun Kərimovdur. Onun ideyasına görə, klipdə mən ifaçı kimi çıxış edəcəyəm, qəhrəmanlar seçilərək, hansısa bir süjeti canlandıracaqlar. 10 günə çəkilişlərin başlanması nəzərdə tutulub. İki günlük montajdan sonra klip tamaşaçılara təhvil veriləcək. Mahnılar silsiləsi isə, davam edir. "Səndən nigaranam"la birlikdə "Ay dili-dili" adlı xalq mahnısını "Gilan"nın uşaqları ilə birlikdə ifa etmişik. Eyni zamanda, dahi Üzeyir Hacıbəyovun "Arşın mal alan" operasından bəstəkarın üverturasını sözsüz, vokaliz şəkildə səsləndirmişik.

Xəbər lenti

Xəbər lenti