...

Lənkəran meşələrində ağacları qanunsuz kəsən 41 meşə gözətçisi saxlanılıb

Cəmiyyət Materials 10 Noyabr 2007 11:29 (UTC +04:00)

Azərbaycan, Lənkəran / Trend müxbir P.Əliyeva/ Lənkəran rayonunda meşələri qırdığına görə il ərzində 11 nəfər məhkəməyə verilib. Lənkəran şəhər Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin direktoru Teyyub Axundov şənbə günü Trend ə bildirib ki, həmin vətəndaşlar paytaxt Bakıdan 270 kilometr cənubda yerləşən Lənkəran meşələrindən 178 kubmetr ağac kəsməklə 2 640 manat dəyərində ziyan vurub. Onun sözlərinə görə, ağacları qanunsuz kəsərək satan 41 meşə gözətçisi saxlanılıb. Onlardan 21-nə şiddətli töhmət verilib, 8-i isə vəzifələrindən azad edilib.

Qış aylarında regionlarda meşə ağaclarının qırılması faktı artır. Bu isə kəndlərə maye qazının verilməməsi ilə izah edilir.

Axundov deyib ki, qışa hazırlıqla bağlı 3 min kubmetr odun rayonun təhsil, səhiyyə müəssisələrinə və hərbi hissəyə göndərilib. Onun sözlərinə görə, qırılan meşə ağaclarının yerini doldurmaq məqsədilə 60 hektar meşə talasında və seyrək meşələrdə qoz, sərv, şam ağacları əkilir.

Xəbər lenti

Xəbər lenti