Azərbaycan, Bakı/ Trend , 2008-ci il dekabrın 10 -da Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 60 illiyi tamam olacaq. Bu münasibətlə Birləşmiş Millətlər Təşkilatı 2007-ci ilin 10 dekabr tarixində bir il davam edəcək İnsan hüquqları Günü qlobal kampaniyasına start verəcək. Kampaniyanın mövzusu "Ləyaqət və ədalət - hamımız üçün" adlanır.Kampaniyanın bir hissəsi kimi, Birləşmiş Millətlər Təşkilatının İctimai İnformasiya Departamenti Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili ilə tərəfdaşlıq çərçivəsində xüsusi tədbir hazırlayacaq. Tədbir Azərbaycanda Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 60 illik ildönümünün başlanması ilinə start vermək üçün hökumət, vətəndaş cəmiyyəti və BMT agentliklərinin nümayəndələrini bir araya gətirəcək.
Tədbir uşaq rəsmləri və jurnalist məqalələri üzrə elan edilmiş "Mən və hüquqlarım" və "Hüquqlar - hamı üçün!" mövzularında keçirilən iki müsabiqəyə də yekun vuracaq.
10 dekabr hər il İnsan Hüquqları Günü kimi qeyd olunur. 1948-ci il dekabrın 10-da BMT-in Baş Assambleyası Ümumdünya İnsan Hüquqları Bəyannaməsini qəbul edib.İnsan Hüquqları Günü rəsmi olaraq 1950-ci ildən - BMT Baş Assambleyasının bütün üzv dövlətləri və maraqlı təşkilatları 10 dekabr tarixini İnsan Hüquqları Günü kimi qeyd etməyə çağıran 423 (V) saylı Qətnamənin qəbulundan sonra qeyd edilir.