...

Bakı Şəhər İcra Hakimiyyəti toplantılarla bağlı müraciətləri cavablandırarkən səlahiyyət həddini aşır-ekspert

Cəmiyyət Materials 14 Dekabr 2007 16:34 (UTC +04:00)

Azərbaycan,Bakı/ Trend , müxbir K.Zərbalıyeva/ Bakı Şəhər İcra Hakimiyyəti toplantılarla bağlı müraciətlərə baxarkən səlahiyyət həddini aşaraq, xəbərdarlığı icazə ilə əvəz edir. Bu fikirlər Azərbaycan Hüquqşünaslar Forumu ilə Sülh və Demokratiya İnstitutunun cümə günü "Sərbəst toplaşmaq azadlığı və məhkəmə hakimiyyəti" mövzusunda keçirdiyi dəyirmi masada səsləndirilib.

"Sərbəst toplaşmaq azadlığı haqqında" Qanunda nəzərdə tutulub ki, toplantı keçirmək istəyən şəxslər toplantıdan 5 gün qabaq müvafiq icra hakimiyyətini xəbərdar etməlidir.

Azərbaycan Hüquqşünaslar Formunun üzvü, hüquqşünas Ənnağı Hacıbəyli bildirib ki, praktikada xəbərdarlığın mahiyyəti çeşidli formalarda anlaşılır.

"Bir halda, icra hakimiyyətinə toplantı keçiriləcəyi barədə, sadəcə, xəbərdarlıq edilir, başqa halda, toplantının təhlükəsizliyinin ntəmin olunması xahiş edilir, bəzi hallarda toplantı yerləri, marşurutlar təklif olunur",- deyə hüquqşünas vurğulayıb.

Tədbirdə qeyd olunub ki, icra hakimiyyəti səlahiyyət həddini aşaraq, qanuni əsas olmadan toplantılara qadağa qoyur, təşkilatlara göstəriş və tövsiyyələr verir.

Bakı Şəhər İcra Hakimiyyətindən onların ünvanlarına səslənən nittihamlara münasibət öyrənmək mümkün olmayıb.

Toplantı keçirmək istəyən şəxslər isə, şikayət hüququndan gərəyincə istifadə etmirlər. Dəyirmi masa iştirakçıları bunun səbəbini müstəqil məhkəmə hakimiyyətinin olmaması ilə əlaqələndiriblər.

Hacıbəyli qeyd edib ki, ölkədaxili müdafiə vasitələri tükəndikdən sonra Avropa Məhkəməsinə şikayət etmək yolu ilə dövlət orqanlarını qanuna əməl etməyə məcbur etmək mümkündür.

Məhkəmə və polis orqanlaının praktikasında növbəti qanunsuzluğun kütləvi tədbirlərdə saxlanmış şəxslərin inzibati qaydada cəzalandırılması ilə bağlı olduğunu deyən ekspertlər bildirib ki, əksər hallarda araşdırılma aparılmadan, kütləvi tədbir iştirakçıları müxtəlif müddətlərə inzibati həbslə cəzalandırılırlar.

Ekspertlər vurğulayıblar ki, Azərbaycan sərbəst toplaşmaq azadlığının təmin edilməsi ilə bağlı AŞ qarşısında üzərinə götürdüyü öhdəliyi icra etmir, bu sahədə vətəndaşların hüquqlarını kütləvi və kobud şəkildə pozur.

Dəyirmi masa iştirakçıları "Sərbəst toplaşmaq azadlığı haqqında" yeni Qanunun qəbul olunmasını, icra hakimiyyəti orqanlarının fəaliyyətində qanunvericiliyə əməl edilməsinin təmin olunması üçün tədbirlər görülməsini, vətəndaşların hüququnu pozan polis əməkdaşlarının məsuliyyətə cəlb olunmasını tövsiyyə ediblər.

"Sərbəst toplaşmaq azadlığı haqqında" Qanun AŞPA-nın Venesiya Komissiyası ilə Azərbaycan hökuməti arasında müzakirə mərhələsindədir. Qanuna yeni əlavə və dəyişikliklərin Venesiya Komissiyasının dekabrın 14-15-də keçiriləcək plenar iclasında qəbul olunacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti