...

Orta ixtisas məktəblərinin əlaçıları ali məktəblərə imtahansız qəbul olunacaqlar

Cəmiyyət Materials 26 Dekabr 2007 12:26 (UTC +04:00)
Orta ixtisas məktəblərinin əlaçıları ali məktəblərə imtahansız qəbul olunacaqlar

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Azərbaycanda yeni "Təhsil haqqında" qanun qəbul olunduqdan sonra ölkənin orta peşə-ixtisas məktəblərini yüksək nəticələrlə başa vuran məzunlar müvafiq ixtisaslar üzrə ali məktəblərin ikinci kurslarına heç bir imtahan vermədən qəbul olunacaqlar. Bu barədə çərşənbə günü Milli Məclisin Elm və təhsil komissiyasının genişləndirilmiş iclasında "Təhsil haqqında" yeni qanun layihəsi müzakirə olunan zaman komissiyanın sədri, deputat Şəmsəddin Hacıyev məlumat verib.

Azərbaycanın hazırda qüvvədə olan təhsil qanunu 1992-ci ildə qəbul olunub. 1995-ci ildən Parlament təhsil haqqında yeni qanun layihəsi hazırlamağa başlayıb, lakin 12 il ərzində yeni qanun qəbul edilməyib. Dekabrın 28-də Parlamentin payız sessiyasının sonuncu iclasında yeni qanun layihəsinin müzakirəyə çıxarılması gözlənilir.

Hacıyev qeyd edib ki, yeni qanun layihəsinə əsasən, dünyanın nüfuzlu olimpiada oyunları qaliblərinin heç bir imtahan vermədən seçdikləri ali məktəblərə qəbul olunmaları nəzərdə tutulub. Komissiya sədri əlavə edib ki, yeni layihədə ali məktəblərə qəbulun bundan sonra da test üsulu ilə aparılması nəzərdə tutulub. Eyni zamanda, ali məktəblərə qəbul zamanı abituriyentlərin orta məktəbi bitirən zaman verdikləri imtahanlarda topladıqları ball nəzərə alınacaq. Orta məktəbdə təhsilin keyfiyyətinin artırılması üçün qızıl və gümüş medalların verilməsi nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti