Azərbaycan, Bakı / " , müxbir K.Zərbalıyeva/ İnsan Haqları üzrə Avropa Məhkəməsi Azərbaycan dövləti ilə 42 şikayət üzrə yazışma aparır. Bu barədə çərşənbə günü Trend ə Azərbaycanın Avropa Məhkəməsindəki səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov məlumat verib.
Əsgərov bildirib ki, şikayətlərin böyük əksəriyyəti Əsas İnsan Haqları və Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının ədalətli məhkəmə araşdırması (6-cı maddə) hüququnun pozuntusu ilə bağlıdır.
Şikayətlər sırasında Konvensiyanın 3-cü (işgəncələrin qadağan olunması), 5-ci (azadlıq və toxunulmazlıq hüququ), 8-ci (şəxsi və ailə həyatına hörmət hüququ), 10-cu (ifadə etmək azadlığı), 11-ci (yığıncaqlar və birləşmək azadlığı hüququ) maddələrinin pozulması ilə bağlı şikayətlər də üstünlük təşkil edir.
Əsgərovun sözlərinə görə, Azərbaycan Konvensiyaya qoşulandan bəri, yəni 2002-ci il aprelin 15-dən bu günədək Avropa Məhkəməsi ilə 66 iş üzrə kominikasiya aparılıb.
Bu il isə Azərbaycan hökumətinə 33 şikayət üzrə komunikasiya daxil olub.
Hazırda komuikasiya edilən şikayətlərin böyük qismində ədalətli məhkəmə araşdırması hüququnun pozuntusu iddia olunur.
Səlahiyyətli nümayəndə qeyd edib ki, komunikasiya olunan işlər sırasında sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev və qardaşı Rafiq Əliyevin, müxalifət funksionerləri Sərdar Cəlaloğlu, Pənah Hüseyn və Rauf Arifoğlunun şikayətləri də var.
Əsgərov bildirib ki, Avropa Məhkəməsində Azərbaycanla bağlı 24 işə baxılıb. Həmin şikayətlərdən 8-i barəsində Azərbaycana qarşı qərar qəbul edilib, 16 şikayət üzrə dövlətin lehinə qərar çıxarılıb.
Azərbaycana qarşı qəbul edilən qərarlardan biri (Fəhmin Hacıyev Azərbaycana qarşı) 2006-cı ildə, 7-si isə bu il qəbul olunub.
Qərarlardan 4-ü dövlət tərəfindən icra olunub, 4-ü isə qüvvəyə minməyib.
Əlikram Hümbətov, Lətifə Əfəndiyeva, Şeyda Nəsibli və Valentina Akimovanın şikayətləri üzrə çıxarılan qərarlar qüvvəyə minmədiyi üçün icra olunmayıb.