...

Məhkəmə sabiq səhiyyə nazirinin AMEA-ya qarşı iddiası üzrə prosesdə iştirakına razılıq verib

Cəmiyyət Materials 8 Yanvar 2008 15:21 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend ,müxbir K. Zərbalıyeva/ Məhkəmə sabiq səhiyyə nazirinin Azərbaycan Milli Elmlər Akademiyasına qarşı iddiası üzrə prosesdə iştirakına razılıq verib.

Əli İnsanovun vəkili Toğrul Babayev çərşənbə axşamı Trend ə bildirib ki, Bakının Səbayel rayon məhkəməsində keçirilən hazırlıq iclasında, məhkəmə prosesində Əli İnsanovun iştirakının təmin olunması barədə müdafiə tərəfinin vəsatəti təmin olunub.

Sabiq nazir AMEA-nın 4 may tarixli iclasının qərarı ilə üzvlükdən çıxarılıb.

Vəkil bildirib ki, İnsanov baəsində ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin hökmü qüvvəyə minmədən, hakim Faiq Qasımov AMEA-ya məktub göndərib. Həmin məktub əsasında İnsanov AMEA üzvlüyündən çıxarılıb. İlkin hazırlıq iclasında cavabdehin nümayəndəsi Sabir Qədirov İnsanovun AMEA üzvlüyündən çıxarılmasının həmin məktubla əlaqəli olmadığını vurğulayıb.

İddia üzrə məhkəmə prosesi yanvarın 22-də sabiq nazirin iştirakı ilə davam etdiriləcək.

İnsanov Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin cavabdeh kimi cəlb olunmasını, AMEA-nın 4 may tarixli iclasının protokolunun və qərarının, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin 30 aprel tarixli məktubunun etibarsız hesab edilməsini, hər iki cavabdehin müştərək qaydada vurulmuş mənəvi zayana görə, 28 milyon manat cərimələnməsi və həmin məbləğin Ağ Ciyər Xəstəlikləri Elmi-Tədqiqat İnstitutuna verilməsi barədə qərar çıxarılması, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hakimi Faiq Qasımov barəsində xüsusi qərardad çıxarılması və Məhkəmə -Hüquq Şurasına göndərilməsini istəyib.

İnsanov bu tələblə ötən ilin mayında məhkəməyə müraciət edib. Məhkəmə, sabiq nazirin cinayət işi üzrə prosesin davam etdiyini əsas gətirərək, iddianı baxılmamış saxlamışdı.

Dövlət çevrilişinə cəhd, kütləvi iğtişaşlara hazırlığa görə 2005-ci ilin oktyabrında həbs olunmuş sabiq səhiyyə naziri bu il məhkəmənin hökmü ilə korrupsiya cinayətlərində təqsirli bilinərək, əmlakı müsadirə olunmaqla, 11 il azadlıqdan məhrum edilib.

Xəbər lenti

Xəbər lenti