...

Nəyə görə şou-biznes nümayəndələrinin ailəsi tez dağılır?

Cəmiyyət Materials 18 Yanvar 2008 16:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 yanvar /müx. TrendLife Türkan İmaməliyeva/

Azərbaycan şou-biznes nümayəndələri barədə söhbət düşəndə çox zaman eyni fikirlər eşidirik ki, onların nə dərdi var, pul onlarda, imkan onlarda, istənilən qapı da üzlərinə açıqdır. Amma bütün insanlar kimi, sənətçilərin də qayğısı, problemi var.

Şou-biznesdə olan xanım sənətçilərin böyük qisminin ailəsi yoxdur. Daha dəqiqi, bəziləri ailə qursalar da, onu qoruya bilməyiblər. Görəsən nə üçün sənətçi xanımlar şəxsi həyatlarında uğursuzluğa düçar olublar?

Öncə əvvəllər ailələi olmuş əməkdar artist Almaz Ələsgərliyə müraciət etdik. Onun cavabı belə oldu: "Mənə elə gəlir ki, problem onda deyil ki, sənətdə olan qadınlarla ailə qurulmur. Düzdür, bu gün Azərbaycanda sənətçi xanımla ailə qurmağa razı olan kişilər azdır. Ancaq bu o demək deyil ki, xanım sənətçi ilə ailə qurmaq olmaz. Sənətçi də insandır və təbii ki, hər bir ailədə olduğu kimi, onun ailəsində də söz-söhbətlər yaranır. Sosial-məişət zəminində yaranan problemlər sənətçilərin ailəsinin dağılması ilə nəticələnir. Amma sənətçilər arasında da sevgi üzərində ailə quranlar var. Əgər o insan məni sevirsə, məni səhnədə görübsə, təbii ki, məni olduğum kimi qəbul etməlidir. Ona görə də, qəti şəkildə bir fikrin əleyhinəyəm ki, sənətçi ailələri səhnə həyatına görə dağılır. Mənə elə gəlir ki, ailədə, ilk növbədə, sevgi, qarşılıqlı hörmət olmalıdır. Bu olmadıqda, istər sənətçi ol, istər sadə insan, fərqi yoxdur, ailə dağılacaq".

Əməkdar artist Azərinin sözlərinə görə, ailə mürəkkəb məsələdir. Onu yaratmaq və qorumaq çətindir: "Sənətçilərin ailələrinin uğursuzluğunu sənət aləmi ilə tam əlaqələndirmək düzgün deyil. Gəlin statistikaya nəzər salaq. Bu gün sadə insanlar arasında boşanmaların sayı nə qədər çoxalıb? Məgər ailəsi bu və ya digər səbəbdən dağılan qadınların hamısı sənətçidirlər? Sənətdə olan qadın sənətini sevirsə, eyni zamanda ailəsinə bağlıdırsa, nəyə görə onun fəaliyyətinə qadağa qoyulmalıdır və ya ailədə nədən problem yapranmalıdır? Normal düşüncəli insan qəbul etməlidir ki, onun qadınının sənəti varsa, o, təkcə ailəyə deyil, həm də xalqa məxsusdur. Çünki istedad, səs Allah vergisidir. Normal ailələrdə olduğu kimi, sənətçi ailələrində yaranan problemlər də sosial zəmində baş verir. Sənətçilər göydən düşməyiblər ki? Sənət qurban tələb edir fikri ilə də bu gün razılaşa bilmirəm. Çünki bizim sənətimiz dünyəvi sənətdir".

Gənc müğənni Xuraman Şuşalının fikri isə bir qədər fərqlidir: "Bizim cəmiyyət hələ o qədər müasirləşməyib ki, sənətçini tam mənada qəbul edib başa düşsün. Hər ailə, hər kişi sənətdə olan qadınla evlənməyi qəbul edə bilmir. Buna həm də valideynlər etiraz edirlər. Tutaq ki, oğlan həkim, müəllimə qız sevəndə ailə tərəfindən dəstəklənir, ancaq sənətçi ilə evlənmək təklifi gələndə, qətiyyən razı olmurlar. Məsələnin ikinci tərəfinə gəldikdə, xanım sənətçilər haqqında müxtəlif dedi-qodular gəzir. Bizim kişilər isə, sənətçi barədə dedi-qoduları həqiqət kimi qəbul edirlər. Üçüncü məsələ isə, ondan ibarətdir ki, qadın sənətdə olanda daha çox pul qazanmaq imkanı əldə edir. Belə olan halda, onun psixologiyasında dəyişiklik yaranır. Belə qadınlar tabeçiliyi sevmir. Təbii ki, evə qadın kişidən daha çox pul gətirirsə, bu, kişinin sınmasına gətirib çıxarır. Onda ailə dağılır".

Xalq artisti Səkinə İsmayılova isə, daha kəskin açıqlamalarla diqqət çəkdi: "Əslində, çox böyük bir problemə toxunursunuz. Bunun səbəbləri çoxdur. Qadın, ilk növbədə, ailəyə bağlı olmalıdır. Sənətindən asılı olmayaraq, ailəsini üstün tutmalıdır. Qoy məndən heç kim inciməsin, bu gün sənətdə olan xanım sənətçilər o qədər açıq-saçıqlığa yol verirlər ki, kişiləri bu mənada qınamağa dəyməz. Onlar o qədər sərbəstdirlər ki, necə istəyirlər, elə də hərəkət edirlər. Normal Azərbaycan kişisi onların hərəkətlərini qəbul edə bilməz. Hər bir ailənin öz qayda-qanunları olur və təbii ki, qadın o ailənin qanunları çərçivəsində addım atmalıdır. Əsl sənətkar ona deyərəm ki, həm gözəl ailəsi olsun, həm də əsl sənəti. Mənim də sənətə böyük sevgim var. Ancaq ailəmi heç vaxt sənətə qurban verməmişəm".

Xəbər lenti

Xəbər lenti