Azərbaycan, Bakı, 21 yanvar / Trend , müxbir C. Babayeva/ Məhkəmə-Hüquq Şurasının bu gün keçirilən iclasında qəbul olunan qərara əsasən, korrupsiya hüquqpozmalarına və hakim adına ləkə gətirən hərəkətlərə yol verdiklərinə görə, altı hakim barədə intizam icraatları başlanılıb. Bu barədə Məhkəmə- Hüquq Şurasının məlumatında bildirilib.
Qərarda qeyd olunur ki, bəzi hakimlər süründürməçiliyə, vətəndaşların haqlı narazılığna səbəb olan kobud qanun pozuntularına yol verirlər.
Məhkəmə-Hüquq Şurasının iclasında Naxçıvan Muxtar Respublikasının (MR) məhkəmələrinin səlahiyyət müddəti bitmiş hakimilərinin fəaliyyətinin qiymətləndirilməsi həyata keçirilib. Aparılan təhlil və müzakirələr nəticəsində MR-in iki hakiminin işində nöqsan və çatışmazlıqlar aşkarlanıb və onların fəaliyyəti qeyri-məqbul hesab olunub. Qərara əsasən, həmin hakimlər vəziflərinə yenidən təklif edilməyiblər.