Azərbaycan, Bakı, 25 yanvar /müx. TrendLife Cavid Osmanov/
"Maşın" realiti-şou davam edir. Layihə yeni başlamasına baxmayaraq, artıq insanlar arasında şayiələr gəzməyə başlayıb. Ən gözəl şayiə isə müğənni Almaz Ələsgərova və Mirkamilə aiddir. Belə ki, keçən verilişlərin birində Almaz xanım Mirkamili layihədən uzaqlaşdırdı. Mirkamil layihəni tərk edən zaman Almaz onu iki əllə möhkəm qucaqladı. Oyunun qaydalarına görə isə, bir əl hər zaman maşının üstündə olmalıdır. Aparıcı Murad Almaz xanıma şans verdi ki, oyunda qalsın. Lakin müğənni qürurunu itirməyərək, öz istəyi ilə layihəni tərk etdi. Sonradan şayiə gəzməyə başladı ki, guya Mirkamil seyid olduğu üçün Almaz xanım Allahın qəzəbinə gəlib. Bu şayiələrə Almaz xanımın da münasibətini öyrəndik: "Mən oyunu öz istəyimlə tərk etmişəm. Məni heç kim uzaqlaşdırmayıb. Aparıcı Murad oyunda qalmağım üçün əlindən gələni edirdi. Əgər Mirkamil mənim şəklimi ora atıbsa, ondan başqa kimi uzaqlaşdıra bilərdim? Əgər o, seyiddirsə, mən ondan da güclü seyidəm".