...

Azərbaycan Parlamentinin komissiyası qadınlarla bağlı Konvensiyaya düzəlişi təsdiqləyib

Cəmiyyət Materials 17 Mart 2008 13:39 (UTC +04:00)
Azərbaycan Parlamentinin komissiyası qadınlarla bağlı Konvensiyaya düzəlişi təsdiqləyib

Azərbaycan, Bakı, 17 mart/ Trend , müxbir İ.Əlizadə/Azərbaycan Parlamentinin İnsan hüquqları komissiyası BMT-nin "Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında Konvensiyasına" təklif olunan düzəlişi təsdiqləyib. "Düzəliş BMT-nin Qadınlara münasibətdə ayrı-seçkiliyin ləğv olunması üzrə Komitəsinin iclaslarının hər il keçirilməsini nəzərdə tutur" - deyə Azərbaycan Parlamentinin İnsan Hüquqları daimi komissiyasının bazar ertəsi keçirilən iclasında komissiyanın sədri Rəbiyyət Aslanova bildirib.

BMT-nin "Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında Konvensiya"sına əsasən, Qadınlara münasibətdə ayrı-seçkiliyin ləğv olunması üzrə Komitəsinin iclası iki həftədən artıq davam edə bilməz. Lakin Konvensiyada Komitənin iclaslarının nə vaxt keçirilməsi göstərilməyib.

"İclasların vaxtlı-vaxtında keçirilməməsi ayrı-ayrı dövlətlər tərəfindən təqdim olunan məruzələrin Komitədə müzakirəsini gecikdirir. Düzəliş Komitənin fəaliyyətinin növbəti illərdə səmərəliliyinin artırılmasını nəzərdə tutur" - deyə komissiya sədri əlavə edib.

Bundan sonra Komitənin iclaslarının nə qədər davam etməsini BMT Baş Məclisinin təsdiqi ilə konvensiyaya qoşulan dövlətlər müəyyən edəcəklər.

Azərbaycan 1995-ci ildə BMT-nin "Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında Konvensiya"sına qoşulub.

Komissiya sənədin Milli Məclisdə müzakirəyə çıxarılmasını tövsiyə edib.

Xəbər lenti

Xəbər lenti