...

Azərbaycanın peşəkar boksçusu Pekin Olimpiadasından medal gözləyir

Cəmiyyət Materials 1 May 2008 12:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 may / Trend , müxbir R.Ergün/ Azərbaycanı yayda keçiriləcək Pekin Olimpiadasında təmsil edəcək boksçuların medal qazanmaq şansı yüksəkdir. "Mən Olimpiadaya qatılacaq bütün idmançılarımızdan uğur gözləyirəm. Boksçularımızın da Pekində medal qazanmaq şansı yüksəkdir", cümə axşamı Trend a Azərbaycanın peşəkar boksçusu olan Əli İsmayılov deyib.

İsmayılov artıq 2 ildən çoxdur ki, peşəkar boksla məşğul olur. O, mayın 22-də Meksika boksçusu ilə qarşılaşacaq. 12 raunddan ibarət olacaq döyüşün Rusiyada keçiriləcəyi gözlənilir.

Təcrübəli boksçu 10 il Azərbaycanın boks yığmasının kapitanı olub. Dünya və Avropa çempionatlarında dəfələrlə bürünc medal qazandığı üçün "Bürünc Əli" kimi tanınır.

İsmayılov hazırda Azərbaycan boksunda problem olmadığını deyib. "Hər şey qaydasındadır. Amma gənc boksçularımız məşqlərə bir az ciddi yanaşmalıdırlar. Böyük yarışlarda uğur qazanmaq üçün məşqlərin əhəmiyyəti son dərəcə böyükdür" - deyə peşəkar boksçu əlavə edib.

Azərbaycanı Pekin Olimpiadasında iki boksçu - Şahin İmranovla Samir Məmmədov təmsil edəcək. 34 yaşlı İsmayılovun Olimpiadaya boks yığmasının məşqçisi kimi gedəcəyi gözlənilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti