...

Nadir Qafarzadə ailə həyatının yubileyini qeyd edib

Cəmiyyət Materials 3 May 2008 11:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 may /müx. TrendLife Turkan İmamalieva

Müğənni Nadir Qafarzadənin həyatında ötən gün əlamətdar hadisə ilə yadda qalıb. Belə ki, müğənni həyat yoldaşı Sevinc xanımla 15 illik ailə həyatının yubileyini qeyd ediblər. Bu barədə TrendLife-a müğənninin özü məlumat verib. Yaradıcılıq yeniliklərinə gəlincə isə Nadir Qafarzadə bildirdi ki, bu yaxınlarda xalq artisti Flora Kərimova ilə birlikdə növbəti yeni duetlərini təqdim edəcəklər. Sözləri və musiqisi Elşənə aid olan "Dözmür ürək" adlı bu mahnıya Nadir Qafarzadə klip çəkdirməyi də düşünür. Nadirin duet əməkdaşlığı bununla bitmir. Belə ki, müğənni Natəvan Həbibi ilə də duet oxuyacaq. Sözləri və musiqisi Anara məxsus olan "Səni gözləyəcəm" adlı mahnını Natəvan müğənniyə doğum günündə hədiyyə edib. Sənətçi onu da bildirdi ki, bu mahnını ekranlaşdırmaq üçün "Koma production"dan təklif alıb. Bundan əlavə Qafarzadə Heydər Əliyevin 85 illik yubileyi ilə bağlı dövlət tədbirlərinə də dəvət alıb. Belə ki, mayın 9-da Nadir Moskvada diasporanın dəvəti ilə çıxış edəcək. Solo-konsertinə gəlincə isə Nadir Qafarzadə ötənilki konsert proqramını ənənə halına salmaq istəyir. Odur ki, bu yayda müğənni Yaşıl Teatrda geniş solo-konsert proqramı ilə pərəstişkarlarının qarşısına çıxacaq. Müğənninin sözlərinə görə, bu konsert ötən dəfəkindən çox fərqlənəcək. Sənətçi bu barədə danışarkən bildirdi ki, ötəndəfəki konsertə hazırlıq üçün yetərincə vaxtı qalmamışdı. Bu konsertə isə ciddi hazırlaşır. Konsertin istər reperturası, istərsə də digər məqamları xüsusilə fərqlənəcək. Sənətçi onu da xatırlatdı ki, Yaşıl Teatrda verəcəyi konsertdə mahnıları təqdim etməklə yanaşı, maraqlı performans, o cümlədən musiqiyə uyğun səhnəciklər də təqdim olunacaq. Albom barədə söz düşərkən müğənni qətiyyən bu barədə düşünmədini söylədi. "Yeni mahnılar hazırlayıram. Bəstəkarlarla işbirliyim var. Ancaq onları albom şəklində buraxdırmaq fikrim yoxdur. Əgər mən o albomdan gəlir əldə etmirəmsə, nəyə görə albom buraxdırmalıyam? Yeni mahnılarımı hazırlayıb radio dalğalarında səsləndirirəm. Bunun effekti daha güclüdür. Əsas odur ki, Nadir dayanmır, yaradıcılıq axtarışındadır".

Xəbər lenti

Xəbər lenti