Azərbaycan, Bakı, 5 may /müx. TrendLife Günel Əhmədova/
Müğənnilərin üzərinə düşən ənənəvi yaradıcılıq planlarından bir qədər kənara çıxmaq istəyən müğənni Xuraman Şuşalı yenilik axtarışındadır. Onun TrendLife-a açıqlamasına görə, səhnəyə yenilik gətirmək niyyətinə düşüb. Bunun nədən ibarət olduğunu xəbər alarkən, o, bunları bildirib:
"Səhnədə mahnı oxuyarkən müğənnilərin obrazı olmur. Ya hərəkətsiz dayanırlar, ya da yersiz və artıq hərəkətlər edirlər. Mən hər ikisinin əleyhinə çıxaraq yeni ideya barəsində düşünmüşəm. Belə ki, əgər müğənni səhnədə rəqs hərəkəti edirsə, bunu sanballı təqdim etməlidir. Bizim Şakiradan, Cenifer Lopesdən nəyimiz əskikdir. Mən də onlar qədər tamaşaçıları heyrətləndirə biləcək səhnə hərəkətləri göstərmək isəyirəm. Amma bunu özüm bildiyim kimi deyil, mütəxəssis məsləhətindən bəhrələnərək təqdim edəcəm".
Lakin bu ideyanı düşünərkən müğənni ehtiyatı da əldən vermək istəmir. Onun fikrincə, insanlar hər bir yeniliyi həzm edə bilmirlər. Bunun üçün müğənni tənqid atəşinə tutulur. Belə bir hadisəni yaşadığını deyən müğənni söhbətinin davamında bunları qeyd etdi:
"Xatırlayırsınızsa, "Ola bilməz" mahnısının efir versiyasının süjetində maraqlı geyimlər və rəngarəng rəqs nömrələri daxil edilmişdi. Lakin hələ klip efirə getməzdən öncə, çəkilişlərdən hazırlanan süjetlər bəzi insanları qıcıqlandırdı. Söhbət ailə üzvlərimə qədər gəlib çıxdı və bildiyiniz kimi, klipin yayımını daynadırdıq. Bu azmış kimi bəzi insanlar əleyhimə kampaniyaya başladılar. Bir qrup şuşalılar tele-kanallara məktub yazaraq mənim efirə çıxışıma məhdudiyyət qoyulmasını istədilər. Sonradan öyrəndim ki, həmin insanlar kimlərsə tərəfindən öyrədiliblər. Bu hadisədən sonra İctimai Televiziya və Azərbaycan Dövlət Teelviziyasında mənə qadağa qoyuldu. Onların niyyəti hədəfə çatmışdı. Etiraf edim ki, bu hadisədən sonra həvəsdən düşdüm və bir müddət depresiyada oldum. Çünki həmin təzyiqlər kiminsə şəxsi marağına xidmət edirdi. Bu günün özündə İctimai Teelvizyanın qapıları üzümə bağlıdır. Milli televiziyaya isə nadir hallarda dəvət alıram. Nədənsə, bəzi şəxslər gənc ifaçılara dəstək olmaqdansa, onların sənətdəi yolunu kəsir, onlara təzyiqlər göstərirlər".