Azərbaycan, Bakı, 13 may /müx. TrendLife Eldar Hüseynzadə/
Azərbaycan kino tarixində tarixi filmlər bir o qədər də az deyil. Bu sırada "Nəsimi", "Babək", "Nizami" filmlərini göstərmək olar. Lakin onlar keçən əsrin ikinci yarısında çəkilib. Yaxın iyirmi il ərzində yerli kinematoqraf nədənsə tarixi filmlərə az müraciət edirlər. İki il bundan əvvəl Qarabağ xanlığı haqqında tarixi layihə hazırlanırdı. Layihənin prodüseri Vaqif Əsədullayev əsərin lentə alınması üçün rejissor Ramiz Fətəliyevə müraciət edib.Filmin rejissor işi Fətəliyev ə və Dilşat Fatxulinə məxsusdur Ümumilikdə film üzərində çox böyük qrup çalışıb. Tanınmış yazıçı Elçin əsərin ssenarisini, Polad Bülbüloğlu isə musiqisini yazıb. Filmdə İbrahim xan roluna Fəxrəddin Manafov çəkilib.
Nəhayət, "Azərbaycan" kinoteatrında "Hökmdarın taleyi" filminin təqdimatı keçirilib. Təqdmata gələnlərin çoxu ayaqüstə qalmışdılar. Mərasimi giriş sözü ilə açan Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bunları söylədi: "Bu filmin yaranmasını hamıdan çox ümumilli lider Heydər Əliyev istəyirdi. İlyas Əfəndiyevin "Hökümdar və qızı" tamaşasına baxan kimi o, bu əsərin mütləq ekranlaşdırılmasını tapşırmışdı".
Təqdimatdan sonra həm tamaşaçılar, həm də filmin çəkilişlərinə kömək edən adamlarla söhbətləşdik.
Rejissor Vasif Babayev: "Xarici aktyorların iştirakı ilə çəkilən filmimiz olmamışdı. Hər dəfə cəhd göstərmişik ki, nəsə edək, alınmayıb. Hesab edirəm ki, "Hökmdarın taleyi" filmi kinomaqrafçılarımızın böyük uğurudur".
Rejissor Ramiz Fətəliyev: "Mən heç kimi tərifləmək istəmirəm. Çünki hər şey göz önündədir. Göz dəyməsin, deyəsən, film hamının xoşuna gəlib".
Filmdə əsas rollardan birinin ifaçısı, xalq artisti Rafiq Əliyev: "Mən hələ ki filmin necə alındığı barədə söz deyə bilmərəm. Çünki, sadəcə, çəklişlərdə iştirak etmişəm. Filmdə erməni rolunu oynamışam. Bircə onu deyə bilərəm ki, bu rolu oynamaq çox çətin idi".