...

Yaşıl teatrda verəxcəyim konsertdə texniki problem olmayacaq – əməkdar artist Tünzalə Ağayeva

Cəmiyyət Materials 16 May 2008 10:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 may /müx. TrendLife Günel Əhmədova

Müğənni Tünzalə Ağayeva aprelin 30-da Opera və Balet Teatrında təqdim etdiyi konsert layihəsini hələ də unuda bilmir. Klassika üzərində köklənən proqrama görə barəsində xoş sözlər eşidən müğənnini eyni zamanda narahat edən məqamlar da var. Əməkdar artistin TrendLife-a bildirdiyinə görə, səhnədə baş verən texniki problemlər onun psixikasına təsir göstərib:

"Konsertin səhəri günü musiqiçi dostlarımla görüşüb bu məsələni uzun-uzadı müzakirə etdik. Təsəvvür edin, məşqlərdə teatrın elektrik cihazları normada işləyirdi. Konsert başlayandan bir az sonra isə elektrikdəki gərginlik artmağa başladı. Bu hadisə məni bir qədər qorxutsa da, özümü ələ ala bildim. Həmin anda düşündüm ki, əgər elektrik kəsilsə ifamı dayandırmayacam. Elektrikə bağlı olmayan alətlərin müşayiəti ilə ifamı davam etdirəcəm. Həmin vaxt pərdə arxasında dayanan prodüserim Yalçına tərəf dönüb onu bərkdən səsləyərək, bir çarə düşünməsini istəyirdim. Şükür ki, təhlükə bir neçə dəqiqədən sonra sovuşdu".

Tünzalə Ağayevanın məlumatına görə, artıq bir neçə çıxışında o, eyni hadisə ilə rastlaşıb. Təhlükə daha çox onu solo-proqramlarında yaxalayır. Bunu eyni zamanda nəzərlə əlaqələndirən müğənni növbəti dəfə daha ehtiyatlı olacaqlarını söylədi:"Məlumdur ki, "Ölkəm" layihəsi yay aylarında Yaşıl Teatrda təqdim olunacaq. Teatr rəhbərliyindən texniklərin daha diqqətli və hər hansı təhlükəyə hazır olmaqlarını xahiş etmişəm. Ümid edirəm ki, eyni hadisəni bu dəfə yaşamaram".

Xəbər lenti

Xəbər lenti