...

Müğənnilərin səsləri batarsa necə pul qazanarlar?

Cəmiyyət Materials 24 May 2008 11:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 may /müx.TrendLife Şahin Cavadsoy/

Dünya şou-biznesinin tanınmış simalarından geri qalmayan yerli ulduzlarımız elə onlardan fərqli olmayaraq ancaq səsləri ilə pul qazanmağa çalışırlar. Nəzərə alanda ki, səs Allah vergisidir və bu istedad nə vaxtsa onların əlindən alına bilər, müğənnilərin pulsuz-parasız qalmaları çox aktual görünür. Bəs görəsən mikrofonsuz özlərini təsəvvür etməyən sənətçilərin səslərində hansısa problemlər olarsa, maddi tələbatlarını necə ödəyərlər? Bax bu sualla bir neçə tanınmış sima arasında sorğu keçirdik:

Müğənni Röya Ayxan : - Səsim batarsa heç nə etmərəm. Mənim o cürə sevgilim var. Əgər günün bu günündə sevgilim desə ki, oxuma, razılaşıb evdə oturaram. İnanın tam səmimiyyətimlə söyləyirəm. Bütün yaradıcılığımı şəxsi həyatıma qurban verməyə hazıram.

Müğənni Ruhi : - Heç nə... Qəribə sualdır. Yəqin ki, gözəlliyimi göstərəcəyəm (gülür)

Prodüser Tolik : - Müğənnilərin səsləri batarsa, mən oxuyaram. Guya indi mənəm-mənəm deyib gündəmdən düşməyən bəzi sənətçilərin səsləri var? Səsi olmayan müğənnilərin sayı kifayət qədərdir. Amma onların adını çəkmək istəmirəm. Çünki bundan belə kimisə reklam etdirmək fikrim yoxdur.

Müğənni Nadir Qafarzadə : - Hər şey Allahın əlindədir. Amma Ulu Yaradan istedadımı əlimdən alsa, ötən günlərimdən istifadə edib, yenə fiziki işlə məşğul ola bilərəm. Lap daş da daşıyaram. Əsl kişini ailəsini dolandırmaqdan ötrü, heç bir əziyyət qorxmamalıdır. Bilməyənlərə deyim ki, iki oğul atasıyam. Böyük oğlumun 8 ildən sonra 20 yaşı olacaq. Mənə elə gəlir ki, o, həddi-buluğa çatandan sonra mənim pul qazanmağıma ehtiyac qalmayacaq.

Müğənni Xatun : - Həmişə Allahıma dualar edəndə ondan bir neçə istəyim olur. Övladım və əzizlərimi mənə çox görməsin. Digər tərəfdən səsi ilə imtahana çəkilməyi heç kimə arzulamıram. Açıq deyirəm ki, müğənni kimi ancaq səsimdən pul qazanıram. İstəmərəm bu gəlir mənbəyindən məhrum olum.

Müğənni Kərim : - Allah eləməsin, qulaqlara qurğuşun. Bu sualı eşitmək belə qorxudur adamı. Lakin qoy hamı bilsin ki, bir sevimli məşğuliyyətim də var. Əgər Tanrım səsimi əlimdən alarsa, saç ustası olaram. Sənətimlə bəxş etdiyim gözəlliyi, əllərimlə davam etdirərəm. Bir daha Tanrıma yalvarıram ki, səsimi mənə çox görməsin.

Müğənni Elnarə : - Səsim batsa, qoşa-qoşa diplomlarıma nə gəlib ki... Məncə faciə olmaz. Deyəsən yalan dedim. Əslində çox böyük faciə ola bilər. Məncə yaradıcı insanlar heç cür musiqisiz dözə bilməzlər. Ancaq digər tərəfdən çox güclü insanam. Bəlkə də bunu dəf etməyə müvəffəq olaram.

Müğənni Zamiq : - Zamiqin səsi batsa heç bir şey edə bilməz. İnanın ağlımdan nə isə keçmir ki, səsim batanda hansı işin qulpundan yapışa bilərəm. Sənətsiz bir günüm olmasın.

Müğənni Nurlan Növrəsli : - Mənim fikrimcə məktəbi olmayan sənətçilər səslərinin batmaq ehtimalı çox böyükdür. Onlar indidən qorxmağa başlasalar, pis olmaz. Təvazökarlıqdan uzaq səslənməsin, Nurlan nə və necə oğuduğunu çox gözəl bilir. Allahın köməkliyi ilə bu problemlə heç vaxt qarşılaşmayacağımdan əminəm.

Xəbər lenti

Xəbər lenti