...

Almatıda azərbaycanlıların Mədəniyyət Mərkəzinin sədri seçildi

Cəmiyyət Materials 1 İyun 2008 20:49 (UTC +04:00)

Qazaxstan, Almatı. 1 iyun / Trend müxbir R.Məşədihəsənli /  Bu gün Almatı şəhərində Respublika "Azərbaycanlıları assosiasiyası" İctimai Birliyinin filialı kimi rəsmi qeydiyyatdan keçən şəhər Mədəniyyət Mərkəzi sədrinin seçki yığıncağı keçirilmişdir. Qazaxıstan Xalqları Assambleyası Nizamnaməsinə uyğun olaraq respublikadakı milli mərkəzlər milliliyinə görə vahid Birlik ətrafında birləşərək fəaliyyət göstərməlidir. Əsası 3 il bundan əvvəl qoyulan Respublika "Azərbaycanlıları assosiasiyası" İctimai Birliyinin artıq bir çox vilayət və şəhərlərdə filialları yaradılıb.

Qazaxıstanda soydaşlarımızın fəallığını artırmaq və vahid diaspor təşkilatında birləşməsi üçün iş adamı, İctimai Birliyin sədri Əbülfəz Xammədovun və idarə heyəti üzvlərinin gərgin əməyi sayəsində Almatı şəhəri, Almatı vilayətində məskunlaşan soydaşlarımızın bugünkü seçki yığıncağına belə mütəşəkkil toplandıqları heç vaxt olmamışdı.

Şəhər Mədəniyyət Mərkəzi sədrliyinə namizəd irəli sürülən 4 nəfərdən ən çox səs toplayan Eyvaz Məmmədhəsənov (onun ata-babaları 1937-ci ildə Azərbaycanın Masallı rayonundan Qazaxıstana sürgün olunublar. Mərhum atası İmamverdi Məmmədhəsənov Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb.) üstünlük qazanaraq sədr seçildi.

Respublika "Azərbaycanlıları assosiasiyası" İctimai Birliyinin sədr müavini vəzifəsinə isə Əmrulla Paşayevin namizədliyi yekdilliklə qəbul olundu.

Soydaşlarımızın ümumi yığıncağında milli mədəniyyətin, tarix və dilimizin inkişafı məqsədilə yenicə yaradılmış Respublika Maliyyə Fondunun üzvlük vəsiqələri də iştirakçılara paylanmışdır.

Ümumi birliyimizin vacibliyi bir daha vurğulanmışdır.

Xəbər lenti

Xəbər lenti