Azərbaycan, Bakı, 14 iyun / Trend , müxbir R.Ergün/ Azərbaycanın futbol üzrə Premyer-Liqasında çıxış edən əcnəbi futbolçuların üzərindən legioner limiti götürülüb. "Klubların rəhbərləri ilə müzakirələrdən sonra belə qərara gəldik ki, legioner limiti ləğv olunsun. Azərbaycan Premyer-Liqasının növbəti mövsümündən etibarən klublara oyun vaxtı istədikləri qədər legioner futbolçunun xidmətindən istifadə etməyə icazə veriləcək", şənbə günü Trend -a eksklüziv açıqlamasında Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının vitse-prezidenti Rauf Əliyev deyib.
Trend -un arayışı: Azərbaycanın futbol üzrə Premyer-Liqasının sonuncu mövsümündə klublara oyun vaxtı yeddi legioner futbolçunun xidmətindən istifadə etməyə icazə verilib. Azərbaycan futbolunda legioner limitinin ləğv olunması ilk dəfə baş verir. Bu qərar dünən AFFA-nın inzibati binasında keçirilən geniş toplantıda qəbul olunub.
Vitse-prezident bildirib ki, növbəti futbol mövsümündən etibarən klubların qarşısına çox ciddi tələblər qoyulacaq. "Bütün klubların əvəzedici heyətləri olmalıdır və onlar arasında çempionat keçirilməlidir. Bundan başqa, 17 yaşlı futbolçuların da arasında birincilik təşkil olunacaq. Stadionu olmayan heç bir klub Premyer-Liqaya buraxılmayacaq" - deyə Əliyev əlavə edib.
AFFA rəsmisi dünən yeni yaradılan Peşəkar Futbol Liqasının (PFL) prezidenti seçilən Ramin Musayevlə bağlı fikirlərini bölüşərək, "Neftçi"nin keçmiş vitse-prezidentinin uğurla yeni işin öhdəsindən gələcəyinə inandığını bildirib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]