...

Azərbaycanlı jurnalistin missionerlərlə əlaqəsi problem yaradır - Prezident Aparatının rəsmisi

Cəmiyyət Materials 18 İyun 2008 12:41 (UTC +04:00)
Azərbaycanlı jurnalistin missionerlərlə əlaqəsi problem yaradır - Prezident Aparatının rəsmisi

Azərbaycan, Bakı, 18 iyun / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan Prezidentinin İcra Aparatının İctimai siyasi şöbə müdiri Əli Həsənov bildirib ki, Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun direktoru Emin Hüseynlinin döyülməsi faktı hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. "Bu hadisənin necə baş verdiyi nə hadisəni törədənlərə, nə də bu haqda məlumat yayanlara məlum deyil", - deyə çərşənbə günü jurnalistlərə açıqlamasında Həsənov bildirib.

İyunun 14-də Bakıdakı "Alaturka" kafesində Çe Gevara tərəfdarlarının öz kumirlərinin 80 illiyini qeyd etməsi insidentlə nəticələnib. Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun rəhbəri Hüseynli polis tərəfindən təzyiqlərə məruz qaldığını bildirib. Daxili İşlər Nazirliyi Hüseynlinin ittihamlarını əsassız adlandırıb.

Prezident Aparatının rəsmisi qeyd edib ki, Hüseynlinin son zamanlar Azərbaycanda baş verən bir sıra ekstremal hadisələrin mərkəzində olması müəyyən suallar yaradır.

"Prezident Aparatının qarşısında aksiya keçirilir, Emin Hüseynli orada olur. Missionerlər haradasa yeyib içirlər, Emin Hüseynli orada olur. O, ictimai təşkilat rəhbəridir, yoxsa reportyor? Bunu heç özü də müəyyənləşdirməyib. Bu isə Emin Hüseynliyə və onunla birlikdə olan insanlara probleməlr yaradır", - deyə Həsənov əlavə edib.

Prezident Aparatının rəsmisi qeyd edib ki, Azərbaycanda kafelərdə toplaşmaq qadağan edilməyib, "amma hansısa missioner təşkilatların restoran və kafelərdə tədbirlər keçirməsi, toplaşması yaxşı hal deyil".

Xəbər lenti

Xəbər lenti