Azərbaycan, Bakı, 27 iyun / Trend , müxbir R.Ergün/ Azərbaycanın "Azərreyl" voleybol klubu Avropa Çempionlar Liqasında iştirak etməyəcək. Bu barədə cümə günü Trend -a Azərbaycan Voleybol Federasiyasının (AVF) mətbuat xidmətinin rəhbəri Zöhrab Gözəlbəyli deyib.
Gözəlbəyli bildirib ki, "Azərreyl"in voleybol üzrə avrokubok turnirlərindən hansında iştirak edəcəyinə bir həftəyə kimi aydınlıq gətiriləcək. "Bizim Çempionlar Liqasında iştirak etməməyimiz o demək deyil ki, ümumiyyətlə avrokuboklardan kənarda qalacağaq. Bir həftədən sonra bu məsələyə tam aydınlıq gələcək. Ola bilər ki, "Çelens" turnirində, ya da başqa bir yarışda iştirak etdik", - deyə federasiya rəsmisi əlavə edib.
Voleybol üzrə Çempionlar Liqasının oyunları bu ilin noyabr ayında başlayacaq.
AVF rəsmisinin dediyinə görə, "Azərreyl"in Çempionlar Liqasında iştirak etməməsi komandanın heyətinin zəif olması ilə bağlı deyil: "Klubun prezidentinin, baş məşqçinin planları var və biz onlara uyğun hərəkət edirik. Bu gün voleybolumuzda gəncləşdirmə prosesi gedir. Gənclərin təcrübə toplaması üçün mütləq hansısa voleybol turnirində iştirak edəcəyik".
"Azərreyl"in baş məşqçisi Faiq Qarayev isə klubun Çempionlar Liqasında iştirak etməkdən imtinasına münasibət bildirmək istəməyib. Təcrübəli məşqçi bu məsələylə bağlı federasiyanın rəsmi şəxslərinin açıqlama verməli olduğunu bildirib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]