...

Milli mətubat sənətkarların gözü ilə

Cəmiyyət Materials 22 İyul 2008 14:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 iyul /müx.TrendLife Şahin Cavadsoy/

22 iyul tarixində Milli Mətbuatın yaranmasının 133 illiyi tamam olur. Özlərini Həsən bəy Zərdabinin davamçıları hesab edən jurnalistlər, cəmiyyətdə həm də dördüncü hakimiyyət sayılırlar. Bu gün biz jurnalislərin bayramıdır. Amma buna baxmayaraq, sayılıb-seçilən tanınmış simalara aktual bir sualla müraciət etdik: "Mətbuatın bu günündən razısınız, yoxsa narazı?"

Aldığımız cavablar da müxtəlif oldu:

Əməkdar incəsənət xadimi, bəstəkar Eldar Mansurov: - Mətbuatın bugünkü günündən razı olub-olmamağım elə də böyük əhəmiyyət daşımır. Çünki, dəyirman öz işini görür, çax-çaxı baş ağrıdır. Bu sözlərimi bütün jurnalistlərə şamil etmək istəmirəm. Göydə Allah var, onlar arasında çox yüksək savada malik olan qələm sahibləri var. Sadəcə arzum odur ki, bəzi istedadı olmayan musiqiçilərdən yazanda, jurnalistlər bir az diqqətli olsunlar. Başa düşsünlər ki, onların qələmindən çıxan yazılar, musiqidən xəbəri olmayan dırnaqarası sənətçilərə şöhrət gətirir. Bayramınızdır, istəmirəm tənqidi təbriklərimə geniş yer verim. Bir daha uğurlar arzulayıram bütün jurnalistlərə.

Xalq artisti, xanəndə Ağaxan Abdullayev: - Çox razıyam. Məncə narazı olmağıma elə də tutarlı səbəb yoxdur. Şəxsən öz adımdan deyə bilərəm ki, jurnalist adını daşıyan hər bir şəxsi özümə yaxın dost bilirəm. İstər incəsənətdən, istərsə də digər sahələrdən yazan qələm sahibləri, bizləri hər an yeni xəbərlərlə təmin edirlər. Arzu edirəm ki, obyektivlik heç zaman siz jurnalistləri tərk etməsin.

Şairə Zemfira Əlişqızı: - Mətbuatın bugünkü durumundan razıyam. Bu cür əmin danşımağımın səbəbi bəlkə də özümün vaxtilə bu sahədə çalışmağımdan irəli gəlir. Mənim bir təklifim var. İstərdim ki, əvvəllər olduğu kimi qələm əhlinə yenə də müxtəlif imtiyazlar verilsin. Onlar nəqliyyatdan istifadədən, kommunal xərclərdən qismən də olsa azad edilsinlər. İnanın əgər jurnalist maliyyə baxımından hər tərəfli təmin olunarsa, onun problemləri, qayğıları da xeyli azalar.

Xalq artsiti, tanınmış diktor Şərqiyyə Hüseynova: - Mədəniyyət və İncəsənət Universitetinin məzunu olsam da, jurnalist peşəsini özümə çox yaxın bilirəm. Ümumi götürəndə, jurnalistikanın bu günündən razıyam. Amma bütün sahələrdə olduğu kimi burada da bəzi çatışmamazlıqlar hökm sürür. Elə qələm sahibləri var ki, xəbəri dəqiqləşdirmədən oxucuya təqim etməyə çalışırlar. Hesab edirəm ki, jurnalist birtərəfli yazı yazmamalıdır. Unutmaq lazım deyil ki, verilən hər bir xəbər çox böyük önəm daşıyır. Fürsətdən istifadə edib, bütün həmkarlarımı təbrik edirəm.

Xalq artisti, müğənni Mübariz Tağıyev: - Təvazökarlıqdan uzaq səslənsə də jurnalistlər üçün həmişə əlçatan müğənnilərdən olmuşam. Açığı böyük hörmət duyuram, bu peşənin sahiblərinə. Mətbuatın bu gününü qənaətbəxş hesab etmək olar. Ancaq sözüm gənc qələm sahiblərinədir. Qoy onlar kor-koranə "şok xəbər" arxasınca qaçmasınlar. Əksinə öz bilik və bacarıqlarını daha da artırmaqdan ötrü axtarışda olsunlar. Çünki, hansısa redaktor istəməz ki, onun rəhbəri olduğu mətbu orqanda bisavad jurnalist fəaliyyət göstərsin. Sonda hər birinizə müvəffəqiyyət arzulamaq istəyirəm. Həmişə sizlərdən xoş xəbərlər eşidək-əziz jurnalistlər!

Xəbər lenti

Xəbər lenti