Azərbaycan, Bakı, 28 avqust / Trend , müxbir İ.Əlizadə/ Azərbaycanın Mətbuat Şurası həbsdə olan jurnalistlərin əfv olunacağına ümid edir.
"Mətbuat Şurası dövlət başçısına jurnalistlərin əfv edilməsi xahişi ilə müraciət ünvanlayıb və bu müraciətin diqqətdən kənar qalmayacağına ümid edir",- bunu Türkiyədə səfərdə olan Mətbuat Şurasının sədri Əflatun Amaşov Türkiyə Mətbuat Şurasının sədri və Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının prezidenti Oktay Eksi ilə görüşündə bildirib.
Trend -un arayışı: Azərbaycanda üç jurnalist həbsdədir. Azərbaycanın Mətbuat Şurası İdarə Heyətinin üzvləri Türkiyəyə beşgünlük səfərə gediblər.
Mətbuat Şurası sədrləri Azərbaycan və Türkiyədə çap KİV-lərinin vəziyyətini müzakirə ediblər.
Görüşdə Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının qurultayının İstanbulda və ya Bakıda keçirilməsi ətrafında müzakirələr aparılıb. Razılığa gəlinib ki, qurultayın keçirilməsi üçün yerin seçilməsi haqda yekun qərar tərəflərdən hansının daha yaxşı şərtlər təklif etməsindən asılı olacaq. Tədbirdə dünyanın müxtəlif regionlarında mətbuatın inkişafı sahəsində problemlərin müzakirəsi planlaşdırılır.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]