...

Azərbaycan parlamentində uşaq hüquqlarının vəziyyətinə dair dinləmələr keçirilməlidir – ombudsman

Cəmiyyət Materials 13 Sentyabr 2008 13:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 sentyabr / Trend , müxbir İ.Əlizadə/ Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova hesab edir ki, parlamentdə uşaqların vəziyyətinə dair dinləmələr keçirilməlidir. "Bu həm problemlərin müəyyənləşdirilməsi, həm də Azərbaycanın uşaq hüquqlarının qorunması sahəsində əldə etdiyi müsbət təcrübəsinin dünyaya çatdırılması baxımdan əhəmiyyətlidir", - deyə şənbə günü parlamentin Sosial siyasət daimi komissiyasının təşəbbüsü ilə uşaq müəssisələrində olan uşaqların ailələrə verilməsi ilə bağlı keçirilən dinləmələrdə ombudsman Süleymanova bildirib.

Trend -un məlumatına görə, şənbə günü parlamentin Sosial siyasət daimi komissiyasının təşəbbüsü ilə "Azərbaycanda dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi və alternativ qayğı" Dövlət Proqramının həyata keçirilməsi ilə bağlı hüquqi bazanın təkmilləşdirilməsi sahəsində qarşıda duran vəzifələr müzakirə olunub.

Hazırda Azərbaycanda dövlət uşaq müəssisələrində 14 401 uşaq var. Onlardan 10 338 nəfəri internat müəssisələrində təhsil alır.

Ombudsman qeyd edib ki, dinləmələr parlamentin payız sessiyası zamanı 19 noyabrda beynəlxalq səviyyədə qeyd edilən Uşaqlara qarşı zorakılıqla mubarizə günü ilə əlaqədar keçirilə bilər.

Ombudsman hesab edir ki, uşaqlar dövlət müəssisələrindən ailələrə verilməmişdən əvvəl onları götürən ailələrin sosial və psixoloji durumu araşdırılmalıdır.

"Hazırda uşaq götürən hər ailəyə ayda 25 manat pul verilir. Lakin bu çox azdır. Bu məbləğin artırılması və ehtiyac meyarına uyğunlaşdırılması lazımdır. Dünyada müəssisələrdən uşaq götürən ailələrə birdəfəlik böyük miqdarda pul ayrılır. Uşaq götürən ailələr həmin məbləğlə problemlərini həll edirlər. Eyni zamanda, həmin uşqlar 18 yaşına çatana qədər onlara hər ay pul ayrılır. Azərbaycanda da belə etmək vacibdir", - deyə Süleymanova əlavə edib.

Onun fikrincə, bundan başqa ölkədə uşaq kredit mərkəzləri yaradılmalıdır və uşaqların cəmiyyətə inteqrasiyası üçün onlara psixoloji yardım göstərilməlidir.

Milli Məclisin sədr müavini Bahar Muradova bildirib ki, Azərbaycan internatlarda olan uşaqların ailələrə verilməsinə və onlara alternativ qayğı göstərilməsinə böyük əhəmiyyət verir.

"Azərbaycan uşaq hüquqlarının qorunması sahəsində beynəlxalq konvensiyaya qoşulub. "Fiziki imkanları məhdud olan uşaqların təhsili haqqında" qanun qəbul edilib və parlamentin payız sessiyasında Ailə Məcəlləsinə dəyişiklik ediləcək. "Reproduktiv sağlamlıq haqqında" qanun layihəsi hazırlanır", - deyə Muradova əlavə edib.

Müzakirələrdə qeyd edilib ki, uşaq evlərindən ailələrə verilən uşaqların sonrakı taleyinin necə olmasının nəzərdə saxlanılması da vacibdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti