...

Əcnəbilərin Azərbaycan vətəndaşı statusu alması barədə çıxarılan məhkəmə qərarlarını polis idarələri icra etmir - Miqrasiya Mərkəzinin prezidenti

Cəmiyyət Materials 24 Sentyabr 2008 14:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 sentyabr / Trend , K.Zərbalıyeva/ Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan vətəndaşı statusu alması barədə çıxarılan məhkəmə qərarları polis idarələrinin rəhbərləri tərəfindən icra olunmur.

Bu barədə Azərbaycan Miqrasiya Mərkəzi İctimai Birliyinin prezidenti Əlövsət Əliyev çərşənbə günü  Trend Xəbərlər Şirkətinin Beynəlxalq Mətbuat Mərkəzində keçirdiyi mətbuat konfransında deyib.

Mərkəz rəhbəri bildirib ki, əcnəbilərə vətəndaşlığın verilməsi ilə bağlı Bakının Qaradağ, Suraxanı rayon məhkəmələrində və Abşeron rayon məhkəmələrində qərar qəbul edilsə də, həmin rayonların polis idarələri Daxili İşlər Nazirliyinin Baş Pasport və Qeydiyyat İdarəsinin rəyi olmadan məhkəmə qətnamələrini icra etmir.

Onun sözlərinə görə, Azərbaycanda miqrasiya sahəsindəki qanunvericiliyə bu il avqustun 7-də edilən əlavə və dəyişikliklər əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün müəyyən problemlər yaradıb.

Belə ki, "İmmiqrasiya haqqında" qanuna görə, Azərbaycan ərazisinə gələn və burada 2 il yaşayan şəxs immiqrant statusu ala bilər.

Xarici ölkələrin qanunvericiliyində isə əcnəbi vətəndaş həmin ölkəyə getmədən, müvafiq qurumlara müraciət edərək bu statusu alandan sonra həmin ölkəyə gedə bilər. "Azərbaycan məmurları əcnəbilər, vətəndaşlığı olmayanlarla birbaşa təmas yaratmaq istəyir. Bu isə korrupsiya yaradan haldır. Həmin şəxslərdən istədikləri pulu alandan sonra onlara immiqrant statusu verilir", - deyə Əliyev vurğulayıb.

Dövlət Miqrasiya Xidmətinin (DMX) fəaliyyətinə toxunan mərkəz rəhbəri deyib ki, onlara bu qurumun fəaliyyəti ilə bağlı daxil olan 11 müraciətdə DMX-nin fəaliyyətindən narazılıq var. "Həmin şəxslərlə bağlı Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul edilən qərarlar heç bir qanuna əsaslandırılmır", - deyə mərkəz rəhbəri bildirib.

Əliyev Azərbaycanda humanitar fəaliyyətlə məşğul olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qanunvericiliyə edilən son dəyişikliklərdən sonra müvəqqəti yaşayış hüququ olan şəxslər sırasına salınmamasının da müəyyən problemlər yaratdığını deyib. O, problemin həlli üçün həmin şəxslərin bu kateqoriyaya daxil edilməsini vacib sayıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan- [email protected]

Xəbər lenti

Xəbər lenti