Azərbaycan, Bakı, 17 oktyabr / Trend , müxbir K.Zərbalıyeva/ Əmisi arvadını zorlayıb qətlə yetirməkdə günahlandırılan Yevlax rayon sakininin məhkəməsi başlayıb.
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Yevlaxın Alar kənd sakini Bəhruz İsmayılov barəsində cümə günü keçirilən prosesdə təqsirləndirilən özünü qismən təqsirli bilib.
İsmayılov bu il iyulun 12-də əmisi arvadı, 51 yaşlı Roza Bədəlovanı zorlayıb, sonra isə şalvarının kəməri ilə onu boğaraq qətlə yetirib.
İsmayılov ifadəsində özünü qismən təqsirli bilib və deyib ki, əmisi arvadını öldürməyi iki il əvvəl planlaşdırıb və bu qətli qisas almaq məqsədilə törədib.
Onu öldürməyinə səbəb isə Bədəlovanın anası ilə dalaşması olub.
İsmayılovun əmisi, zərərçəkmiş Əliş Mahmudov isə hadisə olan vaxt Rusiyada olduğunu deyib və qardaşı oğlundan şikayətçi olmadığını bildirib.
İsmayılov Cinayət Məcəlləsinin qəsdən adam öldürmə (120.1), qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində qəsdən adam öldürmə (122) və zorlama (149) maddələri ilə ittiham olunur.
Növbəti proses oktyabrın 24-də keçiriləcək.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan- [email protected]