Azərbaycan, Bakı, 30 oktyabr / Trend , müxbir C.Babayeva/ Bakıda cümə axşamı azərbaycanlı müəlliflərin "Türk Dünyası və "Böyük Ermənistan" xülyası" kitabının təqdimat mərasimi keçirilib.
Kitabın müəllifləri filologiya elmləri doktoru, professor Vaqif Arzumanlı və "Üç nöqtə" qəzetinin təsisçisi və baş redaktoru Xoşqədəm Hidayət qızının bildirdiklərinə görə, kitab ermənilərin son iki yüz il ərzində həyata keçirdikləri bəd əməllər, törədikləri vəhşiliklər barədə tarixi faktlara həsr olunub. Əsas məqsəd türklərə qarşı ermənilərin törətdikləri vəhşiliyi dünya ictimaiyyətinə bir daha xatırlatmaqdır.
Təqdimat mərasimində çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Hülusi Kılıc kitabın işıq üzü görməsini önəmli hadisə adlandırıb. "Türkiyə dünyadakı bütün münaqişələrin dinc yolla həllinin tərəfdarıdır. Yaxın vaxtlarda Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyişlərə nail olunacağına inanırıq", - deyə səfir bildirib.
Milli Məclisin İnsan hüquqları daimi komissiyasının sədri, millət vəkili Rəbiyyət Aslanova kitab müəlliflərinin vətənpərvərlik borclarını yerinə yetirdiklərini bildirib. "Dağlıq Qarabağ həqiqətləri barədə kitabların sayı çox azdır. Yeni kitab dünyanın bir sıra dillərinə tərcümə olunmalı və yayılmalıdır", - deyə Aslanova bildirib.
Kitabın elmi redaktoru Musa Qasımlı Ermənistanın təcavüzünün yalnız Azərbaycana deyil, bütünlükdə türk dünyasına qarşı yönəldiyini bildirib. "Dünya ictimaiyyətinə Ermənistanın törətdikləri haqsızlıqların çatdırılmasında yeni kitab öz töhfəsin verəcək", - deyə Qasımlı əlavə edib.
Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan: [email protected]